Sumqayıtda 57 yaşlı kişi yerini islatdı — Daha sonra arvadını döydü (TƏFƏRRÜAT)

HADİSƏ 08 may 2024, 15:39
Sumqayıt şəhərində 1967-ci il təvəllüdlü Daşqın ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Lətifə onun həyat yoldaşıdır: 

“Lətifə ilə 1990-cı ildə ailə həyatı qurmuşuq. Birgə nigahdan 2 övladımız var. Hadisə günü işdən gələrkən spirtli içki qəbul etdik. Spirtli içki qəbul etdiyim üçün bir neçə dəfə özümdən asılı olmayaraq yerimi islatdım. Həmin günü işdən gəlib yatdım. Saat təxminən 22.00-da yuxudan ayıldım və öz yerim olan taxta keçdim, orada yatmaq istədim. Bu zaman Lətifə bundan əvvəl yerimi islatdığım üçün məndən taxtda yox, divanda yatmağımı istədi. Mən spirtli içkinin təsirində olduğum üçün bu söz pis təsir etdi. Daha sonra Lətifəyə öz yerimdə yatacağımı dedim. Lətifə mənimlə danışarkən səsinin tonunu qaldırdı. Bütün bu baş verənlər mənə təsir etdiyi üçün əsəbləşdım. Lətifəyə yaxınlaşıb sağ əlim ilə onun boğazından tutaraq sıxmağa başladım. Daha sonra sağ əlim ilə onun üz nahiyyəsinə bir neçə yumruq zərbəsi vurdum.  Ondan aralaşıb digər otağa keçdim. Bundan sonra aramızda yenidən mübahisə etməyə başladıq. Lətifənin qolundan tutmaq istəyərkən əlimdən çıxdı və çölə qaçdı”.

İş üzrə zərərçəkmiş Lətifənin sözlərinə görə, Daşqın ilə birgə nigahdan 2 övladları var, qızı ailəlidir, oğlu isə hərbçidir: 

“Həyat yoldaşım Daşqın dəfələrlə mənimlə mübahisə edib, məni döyüb. Hər mübahisədə mülayim danışsam da, Daşqın mənimlə qeyri-insani rəftar edib, mənim müxtəlif yerlərimə vuraraq bədən xəsarətləri yetirib. Lakin ailəmin dağılmaması üçün susaraq dözmüşəm. Hadisə baş verən günü saat təxminən 22.00-da Daşqın evdə yatdı. Daşqın həmin gün çöldə spirtli içki qəbul edib evə gəlmişdi. Spirtli içki qəbul etdiyi üçün öz hərəkətlərini dərk edə bilmir və yerini isladır. Bu artıq bir neçə vaxtdır ki, davam edir. Daşqın özü yuxudan duraraq öz yerində yatmaq üçün taxta getdi. Bu zaman Daşqın altını islatdığı üçün onun taxtda yox, divanda yatmağınmı istədim. Bunu dedikdə Daşqın əsəbləşdi və mənimlə mübahisə etməyə başladı. Mübahisə getdikcə böyüdü və bu zaman Daşqın sağ əli ilə boynumdan tutaraq boğdu. Daha sonra isə sağ əli ilə üz nahiyyəmə bir neçə yumruq zərbəsi endirərək mənə bədən xəsarəti yetirdi. Daha sonra Daşqın digər otağa keçdi və yenidən mənimlə mübahisə etməyə başladı. Daşqın qolumdan tutmağa çalışdıqda, mən çölə çıxdım. Bu barədə polisə məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Daşqın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top