Qubada oğlu vəfat edən ata sərxoşluq etdi, arvadı isə... — MƏHKƏMƏ

KRİMİNAL 02 may 2024, 21:23
Quba rayonunda 1989-cu il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 29-da gecə saat 1 radələrində Quba rayonu, Rustov kəndində baş verib. Səlim sərxoş vəziyyətdə Nurayı onun anasının yaşadığı evin həyətində aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruqla qəsdən sifət nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirib. 

Hadisəni törədən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-cı ildən Nuray ilə rəsmi nikaha daxil olmaqla ailə qurub: “Azyaşlı oğlum rəhmətə getdikdən sonra mütəmadi spirtli içki qəbul edirəm. Bu səbəbdən ailəmdə mübahislər baş verir. Fevralın 28-də Nuray  küsərək anasının evinə getdi. Fevralın 29-da, təxminən saat 1 radələrində sərxoş vəziyyətdə həyat yoldaşım və azyaşlı qızını görmək üçün bizimlə bir kənddə yaşayan qayınanamın evinə getdim. Arvadım ilə həyətdə təklikdə görüşdüm. Söhbət edərkən aramızda şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyat yoldaşımın sifət nahiyəsindən bir dəfə yumruqla vurdum. Daha sonra uzaqlaşaraq evimə getdim”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səlimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top