Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür

XARİCİ SİYASƏT 17 apr 2024, 17:20
Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. Ölkəmizin istər 30 il davam edən işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə əksər dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qaldığı  inkaredilməz reallıqdır. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb  olan amillərdən biri də məhz əksər dünya güclərinin, xüsusilə keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyi öhdəsinə götürən artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili yanaşmaları oldu. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur: “Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!”

Prezident İlham Əliyevin bu fikirləri digər dövlətlərə ədalət, beynəlxalq hüquq “dərsi” keçməyə cəhd göstərən, amma reallıqda özü bu prinsiplərdən xəbərsiz olan Fransa kimi müstəmləkəçilik niyyətindən əl çəkmək istəməyən dövlətlərə tutarlı cavabdır. Ermənipərəst mövqeyini atdığı hər bir addımı ilə təsdiqləyən rəsmi Paris tarixi Zəfərimizdən sonra erməni sevgisini tamamilə açıq müstəviyə keçirdi. Fransa İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri, Avropa İttifaqında  Azərbaycan əleyhinə apardığı kampaniya, Avropa Parlamentində ölkəmiz əleyhinə qətnamələrin qəbulunda aktiv iştirak etməsi və sair kimi  sıralanması bitməyən  addımları bu dövlətin barışmaz anti-Azərbaycan mövqeyini nümayiş etdirir. Fransa nə 30 illik işğal dövründə münaqişənin həlli istiqamətində  addım atdı, nə də postmünaqişə dövründə sülh müqaviləsinin imzalanmasına səylər göstərir. Fransanın Ermənistanı yenidən silahlandırması, yeni münaqişə ocaqları yaratmaq cəhdləri  günümüzün reallıqları sırasındadır. Bu dövlət utanmadan bunları inkar edib  Azərbaycanı günahlandırmaqla özünə qarşı inamsızlığı daha da artırır, ölkələr arasında əlaqələrin inkişafında əsas faktor olan etimad mühitini tamamilə sıfıra endirir. Təbii ki,  Makron hakimiyyətinin xəbis niyyəti qeyd etdiklərimizlə bitmir. Belə ki, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın bu ölkədə ucaldılmış abidəsinə qarşı vandalizm aktı törədildi. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün tədbirlərin görülməməsi rəsmi Parisin ölkəmiz əleyhinə apardığı fasiləsiz kampaniyanın tərkib hissələridir. Reallıq budur ki, bugünkü Fransanın işğalçı Ermənistanla heç bir fərqi yoxdur. Bu kimi addımlar  hər iki dövləti oxşar və ortaq maraqların birləşdirdiyini bir daha təsdiqləyir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Laçın yolundakı ekoaksiya zamanı Fransanın “blokada şousu”, Yelisey sarayının Ermənistanı  silahlandırması da  özündə bütün məqamları açıqlayır. Azərbaycanın Ermənistana sülh təklifini böyük narahatlıqla qarşılayan rəsmi Paris atdığı bütün addımlarında  sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu təsdiqləyir. Müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistanın baş naziri  Azərbaycanın  beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən  sülh təklifini dəstəklədiyi halda bu hərdəmxəyal “rəhbər” görüşdən dərhal sonra  Fransanın göstərişləri əsasında tamamilə fərqli yanaşma ortaya qoyur. Aprelin 5-də Fransanın ssenarisi əsasında  təşkil edilən, açıq-aşkar regionda sabitliyə, təhlükəsizliyə qarşı olan  ABŞ, Avropa İttifaqı və Ermənistanın müştərək görüşündə belə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Bunları görməzdən gələn rəsmi Paris diqqəti özünün yaratdığı gərginliklərdən yayındırmaq üçün Azərbaycandakı səfirini geri çağırmağı bir çıxış yolu hesab etdi.  Münasibətlərin pozulmasına yönəlmiş bu kimi addımlar rəsmi Bakı tərəfindən yox, Yelisey sarayı tərəfindən atılıb. Bütün bunlardan sonra Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, əvvəldə də vurğuladığım kimi, Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Hansısa ölkə bunun əksini edirsə, bu o ölkənin öz problemidir. Fransa Bakıdakı səfirinin geri çağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addımı ata bilər.

Vüqar Rəhimzadə bildirib ki,  Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da   Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsinin tam əsassızlığı faktlarla diqqətə çatdırıldı. Bir daha vurğulandı ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir.

 YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan bütün dövlətlərdən, beynəlxalq təşkilatlardan da özünə qarşı bu cür yanaşmanı tələb edir. Maraqların beynəlxalq hüququ üstələməsi münaqişələrin dərinləşməsinə, gərginliklərin artmasına səbəb olur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının  maraqlarına uyğun gələndə 1-2 saatın içində icrasına nail olan bəzi dünya gücləri Azərbaycana gəldikdə işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane olacağını bildirməklə Ermənistana dəstəklərini nümayiş etdirdilər. Təbii ki, vasitəçi neytral mövqe nümayiş etdirməlidir. Bütün zamanlarda neytrallığı qorumayıb birtərəfli mövqeyi ilə diqqətdə olan Fransa kimi neokolonialist siyasəti həyata keçirən dövlətin bu gün Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi ən azı təəccüb doğurur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top