“Düşündüm, ikimiz də deputatıq, düz çıxmaz”

SİYASƏT 14 apr 2024, 14:20
Əlbət ki, hazırda prioritet mövzu əslində İranın İsrailə hücumu, atdığı bombalar olmalı idi. Amma yox. Gördüyünüz kimi söhbət qısa müddətdə “öldü”.  Çün, dünya gücləri belə istədi və kimin kimə nə mesajı vardısa 5 saat içində verib qurtardı. Ona görə də mən bu gün aktual hesab etdiyim 2 məsələ (epizod) haqda öz fikirlərimi bölüşmək istəyirəm.

Birincisi, “Krokus”da baş verənlərdir...

Medvedyev teraktdan dərhal sonra bəyan edəndə ki, bu işin arxasında Fransa və Makron dayanır, bəlkə də bəziləri məlum açıqlamaya onun emossional təbiətindən doğan icraat kimi yanaşırdı. Fəqət, xeyr! Adam Təhlükəsizlik Şurasının sədr müavinidir və dedikləri də heç şübhəsiz aidiyyəti qurumların verdiyi ilkin informasiyalara əsaslanırdı. Hə, bu ayrı mövzudur ki, həmin anda bunu bəyanlamağa ehtiyac vardı ya yox, amma bütün hallarda Medvedyev elə-belə danışmırdı. Üstəlik, peşəkar hüquqşünasların bənzər situasiyalarda + iş dialektində + öz aralarında istifadə etdiyi məşhur bir fikir var: İri miqyaslı teraktlar, səs-küylü cinayətlər haqda səhih məlumatlar maksimum 15 dəqiqə ərzində ali rəhbərliyə məruzə edilir. Yəni, ən azından mənbə və sifarişçinin dəqiq kimliyi bilinir. Əsas icraçı(lar) isə adətən cinayətdən az müddət sonra aradan götürülür. Baxmayaraq ki, əksər hallarda həmin icraçının özü belə sona qədər məlumatlı olmur ki, hansı işin içindədir və ya kimə, nəyə qulluq edir.

Əlqərəz. Gələk, Fransaya və Medvedyevin söylədiklərinə. Niyə də yox? Əlcəzairdə 1 milyon yarım insanı qətl edən, 5 milyon mina basdıran, 17 nüvə sınağı keçirən (Reggan və Ecker adlı ərazilərdə) kimdir? – Fransa! Mərakeşdə, “Kasablanka döyüşündə” 18 min insanı qanına qəltan edən kimdir? – Fransa! Tunisdə Fransa hərbi bazalarının bağlanmasını tələb edən 500 yerli insanı gözünü qırpmadan öldürən kimdir? – Fransa! Vyetnamda qadın bilmədən, uşaq bilmədən 400 insanı məhv edən kimdir? – Fransa! Ruandada  “təhlükəsizlik zonası yaratmaq” adı altında  800 min (?!) insanı – hansı ki, tutsi qəbiləsinə məxsus olublar – 3 gün ərzində qılıncının altından keçirən kimdir? – Fransa!  Bütün fəaliyyəti boyunca “ASALA” nın əsas dayaq nöqtəsi hara olub? - Fransa! (Nitsa və Bordo) “İŞİD”lə əlaqəli olan, onun əsas maliyyə mənbəyi kimi göstərilən, sonucda Türkiyə kəşfiyyatı tərəfindən ifşa və darmadağın edilən sement zavodu kimə məxsus olub? – Fransaya! (“Lafarge” şirkətinə) Qarabağ ermənilərindən legion hazırlayan, onları Ukrayna cəbhəsinə göndərməyə çalışan kimdir? - Yenə də Fransa, Fransa, Fransa!

Odur ki, terrorla nəfəs alan, terrordan qidalanan, terrorla yoğrulan bir dövlətdən, ələlxüsus da onun başçısından hər şey gözləniləndir  və bu arada Medvedyevin fikirləri də qətiyyən qəribçiliyə salınmamalıdır...

***

İndi isə keçim, haqqında danışmaq istədiyim ikinci mövzuya...

O gün baxıram, Əfqan Muxtarlı adlı şəxs, keçmiş məhbus Almaniyada Bundestaqın deputatı Mark Şvabe ilə görüşüb və ...radikal müxalifətin nəzarətində olan saytlar da məlum görüşlə bağlı xəbərləri, Əfqanla Şvabenin şəkillərini bəh-bəhlə, qürurla, şövqlə paylaşıb.
Ətraflı

Şvabe haqda çox danışmayacam. Çünki onun kim olması, Azərbaycana hətta Paşinyandan daha betər nifrət eləməsi hamıya məlumdur.

Və bu arada bir haşiyə çıxım. Demək, NATO nümayəndə heyətinin tərkibində Danimarkaya səfərə getmişdik. Mövlud Çavuşoğlu da Türkiyə heyətinin yeni başçısı seçildiyinə görə səfərə getmədən öncə azyaşlı qızım məndən dönə-dönə xahiş etmişdi ki, Mövlud bəylə ikilikdə şəkil çəkdirim və imkan olsa, onun üçün bir avtoqraf da alım.

İnanın, bəlkə də 50 dəfə belə fürsət yarandı, amma nəsə deməyə utandım. Hətta bu yaxınlarda Çavuşoğlu Bakıya təşrif buyurdu, yenə görüşdük və çox səmimi görüşdük. Fəqət yenə cəhd eləmədim. Əvvəla, düşündüm, mən də deputatam, o da. Nə qədər düz çıxar, belə şey demək? İkincisi də, etiket qaydaları deyilən bir şey var və  övladımın  xahişi olsa belə, həmin qaydalara riayət etmək zorundayam. Baxmayaraq ki, Mövlud bəy sözün gerçək anlamında qiymətlilərin qiymətlisidir, dəyərlilərin dəyərlisidir, əsl Azərbaycan sevdalısıdır, bizi içdən, səmimi sevən biridir, başımızın tacıdır və onunla şəkil çəkdirmək mənim üçün yalnız və yalnız şərəf olar!

Demək istədiyim nədir?  - Yəni, biz bəzən ən doğmalarla, ən çox sevdiklərimizlə, Azərbaycana görə canından keçməyə hazır olan fədakar insanlarla belə şəkil çəkdirməyə abır edirik. Amma bu ölkənin suyunu içən, çörəyini yeyən oğlanlar var ki, Şvabe kimi düşmənlə qucaqlaşıb, qol- boyun olub şəkil çəkdirməkdən utanmırlar! Üstəlik, paralel fonda bir məqamı, bir gerçəkliyi unudurlar ki, beləsi ilə bərabər poz vermək təxminən evinə erməni gəlin gətirmək kimi bir şeydir. Hakimiyyəti deyil, birbaşa dövləti vurmaqdır. Düşmən dəyirmanına su tökməkdir. İlk öncə özünü aşağılamaq, öz mənəvi tərzini, öz kasad düşüncəni, öz anti-milli ruhunu göstərməkdir.

***

Dövlətimə qurban olum.

Nə yaxşı ki, Azərbaycan belələrinin ixtiyarında deyil.

Nə yaxşı ki, Azərbaycan sapı özümüzdən olan (küt) baltaların, şvabeləşmiş rəzillərin, xaricdən gələn bircə mesajla “mitinq anonsu” verən buqələmunların sərəncamında deyil...


Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top