Bakıda “Panama günləri” keçiriləcək

XARİCİ SİYASƏT 11 mar 2024, 12:38
Bu ilin aprel ayının ilk on günlüyündə Bakıda “Panama günləri” keçiriləcək.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Panamanın Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda Türkiyədəki səfir və iqamətgahı Ankarada yerləşir) Mariela del Karmen Sagel Rosas bildirib.

O deyib ki, sözügedən tədbir çərçivəsində ölkəsinin bir çox imkanlarını təqdim etmək niyyətindədirlər: “Azərbaycanda Panama kanalını, Panama Azad İqtisadi Zonasını və “Bilik şəhəri”ni tanıtmaq istəyirik. Panamanın İstanbuldakı konsulu heyətlə birlikdə Azərbaycana səfər edəcək və Panama kanalının üstünlüklərini, bütün dünya üçün əhəmiyyətini, İstanbuldakı mühüm dəniz konsulluğumuzun xidmətini təqdim edəcəklər. Eyni zamanda iki ölkə arasında turizm sahəsində əməkdaşlığı və İstanbuldan Panamaya həftədə 11 uçuşun təşkilini də gündəmə gətirmək istəyirik”.

Diplomat eyni zamanda, Azərbaycanın “Yaşıl hidrogen” sahəsində qazandığı nailiyyətləri öyrənmək istədiklərini bildirib: “Azərbaycandakı uğurlu “Yaşıl hidrogen” layihəsi marağımızdadır. Bu sahədə mübadilə aparmaq da planlarımızın bir hissəsidir”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Panamanın xarici işlər naziri Janaina Tevaney martın 1-də Antalya Diplomatiya Forumu çərçivəsində görüşərək iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top