Əcnəbilərin dil biliyi yeni qaydada yoxlanılacaq — AÇIQLAMA

GÜNDƏM 05 mar 2024, 18:45
“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelinin təqdimatı keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan proqram və imtahan modelinin məqsədi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin etməkdir. DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, imtahan iki ay pulsuz olaraq onlayn qaydada aktivləşdiriləcək: “Biz hər kəsdən dəstək gözləyirik. Müxtəlif sektorların hər birindən ən azı 500 nəfərin Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanından keçməsi lazımdır. Bu onların hər birinin Azərbaycan dilinin leksikasına, qrammatikasına nə dərəcədə hakim olduğunu yoxlamaq və statistika hazırlamaq üçün vacibdir. Təxminən 50 milyon insan Azərbaycan dilində danışır və bir-birini başa düşür. Azərbaycan dili itməməlidir. Bu gün dünya əhalisinin 60 faizinin danışdığı 40 dilin içərisinə Azərbaycan dili də daxil olmalıdır”.

Dilçi Təranə Şükürlü Demokrat.az-a açıqlamasında proqram haqqında məlumat verib:

“Əvvəllər bu imtahan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda keçirilirdi. Əsasən, Azərbaycanda doktorantura oxuyub müdafiə edənlərə aiddir. Onlar Azərbaycan dilində ixtisas imtahanı verirlər. Yenilik ondan ibarətdir ki, indi bu imtahan beynəlxalq dil imtahanları modeli əsasında təşkil olunacaq, yəni iştirak edənlərin biliyi A1-A2 - başlanğıc səviyyə, B1-B2 - orta səviyyə, C1-C2 - yuxarı səviyyə üzrə qiymətləndiriləcək. Azərbaycan dili bacarıqları üzrə imtahan verən şəxslər yaşına, cinsinə, çalışdıqları sahələrə görə ayrılacaq. Onların dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq bacarıqları yoxlanılacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top