Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün görülən işlər davam etdirilir

GÜNDƏM 24 fev 2024, 21:45
Bir neçə gün öncə Xocalı şəhərində kütləvi insan qalıqları tapıldı. Tapılan qalıqların ilkin təhlildə 4 nəfərə aid olduğu ehtimal edilir, aralarında biri azyaşlıdır. Öldürülən insanların əlləri, qolları bağlı şəkildə basdırılması onların işgəncələrə məruz qaldığından xəbər verir. I Qarabağ müharibəsinin, Xocalı soyqırımının üzərindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də Ermənistanın, ermənilərin törətdiyi müharibə cinayətlərinin izlərinə rast gəlirik. 



Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, kütləvi insan qalıqları işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı aşkar olunub. Bu barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun peşəkar əməkdaşları hadisə yerinə ezam olunub. Habelə, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib. İnsan qalıqlarının ən azı 25 il əvvəl basdırıldığı güman edilir.

Üzərindən 32 il keçsə də şaxtalı fevral gecəsində baş verənləri hər dəfə təkrar-təkrar soyqırım şahidlərinin, əsirlikdən qurtulanların dilindən eşitdikcə insanın qanı donur.

Milli Məclisin deputatı Musa Qasımlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, soyqırımın 32-ci ildönümü ərəfəsində yeni kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın insanlıq əleyhinə böyük cinayətlər törətdiyinin növbəti sübutudur:



“İndiyədək minlərlə azərbaycanlının taleyindən xəbər yoxdur. Onlar harada və necə öldürülüblər – hər halda həmin günahsız insanların məzarları haqqında Ermənistanda məlumatlar var və xəritələr mövcuddur. Qadın, qoca, uşaqların öldürülməsi Ermənistan dövlətinin vəhşi simasını üzə çıxarır. Bu, bir daha göstərir ki, Ermənistan  terrorçu dövlətdir və əsrlər boyu türk-müsəlman əhaliyə qarşı qətliamlar törədib. Ermənistanın müharibə cinayətləri cəzasız qalmamalı, dünya ictimaiyyəti bu cinayətlərə lazımi qiyməti verməlidir”.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı, faciə qurbanlarının qanı yerdə qalmadı. Bununla belə Xocalı soyqırımı hələ də dünya səviyyəsində həqiqi qiymətini almayıb, cinayətkarların heç də hamısı cəzalanmayıb. Bu gün Xocalı azaddır, qisasımız alınıb, lakin soyqırım həqiqətlərinin dünyaya çatdırılması üçün görülən işlər davam etdirilir və haqq-ədalətin öz yerini tapması üçün əhəmiyyətlidir. 

Politoloq Fuad Abbasov sayta açıqlamasında bildirib ki, Xocalı həqiqətlərinin dünyaya duyurulmasında problemlər yaşayırıq, bunun da əsas səbəbi soyqırım törədiləndən sonrakı ilk illərdə buna münasibətin birmənalı olmaması idi:



“90-cı illərdə baş verən faciəyə münasibət, verilən qiymət lazımi səviyyədə deyildi. Rusiya başda olmaqla bir sıra digər ölkələrdə faciə barədə həqiqətləri ermənilərin dilindən eşidən ictimaiyyət baş verənlər fonunda Azərbaycana, qətlə yetirilən insanlara yetərincə can yandırmırdı. Belə bir təəssürat yaranmışdı ki, sanki azərbaycanlı mülki əhali şəhərdən çıxmaq üçün onlara ayrılan dəhlizdən istifadə etməyib və hətta guya öz əsgərlərimiz tərəfindən qətlə yetirilib – belə bir propaqanda aparılırdı. Lakin son illərdə Rusiyada Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb. Bu fəaliyyətlər əvvəllər olduğu kimi sadəcə azərbaycanlıların öz arasında deyil, rus ictimaiyyətinin görkəmli nümayəndələrini iştirakı ilə böyük konfrans zallarında keçirilən tədbirlərə çevrildi. Eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin digər ölkələrdə apardığı fəaliyyətləri də vurğulamaq lazımdır. Bununla belə istər Avropa ölkələrində, istərsə də okeanın o tayında bu fəaliyyətlərin miqyası genişlənməlidir. Amma ermənilərin və erməni lobbisinin azərbaycanlılardan daha aktiv fəaliyyət göstərdiyini nəzərə alsaq qəbul etməliyik ki, Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında sərf etdiyimiz əmək yetərli deyil. Ona görə də intensivlik artırılmalıdır ki, erməni yalanlarını ifşa edib həqiqəti dünyaya göstərə bilək”.

Törə Zeynallı
Demokrat.az 


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top