“Azad edilmiş ərazilərdə də Türkiyə-Azərbaycan Universitetinin filialı açılmalıdır”

GÜNDƏM 22 fev 2024, 18:14
“Türkiyə-Azərbaycan Universitetin yaradılması ilk növbədə hər iki ölkə prezidentinin siyasi iradəsinin nəticəsidir və qardaş ölkələr arasında hər sahədə davam edən yüksək əməkdaşlığın bariz göstəricisidir. Düşünürəm ki, Azərbaycanda elm və təhsil sahəsində çalışan şəxslər ölkəmizdə belə bir universitetin yaradılmasını arzu edirdilər, çünki Türkiyə təhsilində müsbət örnəklər kifayət qədərdir, eyni zamanda müasir dövrdə Türkiyədə ali təhsil sürətlə inkişaf edir. Türkiyənin dünya reytinqlərində qabaqcıl sıralarda yer alan nüfuzlu universitetləri var, xüsusilə mühəndislik və tibb sahələri barədə bunu demək olar”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü fəlsəfə doktoru İlqar Orucov deyib. O qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinə 2024-2025-ci tədris ilində 240 tələbənin qəbulu nəzərdə tutulur:

“Düşünürəm ki, universitetin fəaliyyətə başlaması üçün yüksək səviyyədə işlər görüləcək və növbəti tədris ilində artıq uğurlu fəaliyyətin şahidi olacağıq. Əminəm ki, tələbələrimiz yüksək ballarla universitetə qəbul olunacaqlar. Universitetin kadrlarla təminatına məsələsinə Türkiyə tərəfi öz dəstəyini göstərəcək. Türkiyənin nüfuzlu ali təhsil ocaqlarının professor-müəllim heyətinin burada tədrisə cəlb edilməsi nəzərdə tutulur. Gələcəkdə daha çox ixtisas açıla və plan yerləri artırıla bilər. Hesab edirəm ki, universitet peşə təhsili üzrə kadr hazırlığı istiqamətində də ölkə təhsilinə fayda verəcək”.



Ekspert gələcəkdə azad edilmiş ərazilərdə də universitetin filialının açılmasının əhəmiyyət kəsb etdiyini bildirib: 

“Çünki işğal edilmiş torpaqlarımızın azad olunmasında Azərbaycana ən çox siyasi və mənəvi dəstək verən ən birinci ölkə Türkiyə oldu. Türkiyə hər zaman Qarabağ problemində Azərbaycanın yanında idi və göstərdiyi dəstəyin qələbə qazanmağımızda önəmli rolu oldu. Azad edilmiş ərazilərdə Türkiyə-Azərbaycan Universitetinin filialının açılması həm də həmin ərazilərdə təhsilin inkişafına yeni imkanlar yaradacaq. Universitetin məzunları Qarabağda infrastruktur layihələrində iştirak etməklə bərpa-quruculuq işlərinin sürətlənməsinə töhfə verəcəklər”.

Qeyd edək ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universiteti yaradılması barədə Anlaşma Memorandumu imzalanıb.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top