“Azercell” şəbəkədaxili zəngləri 50% bahalaşdırdı

İKT 16 fev 2024, 13:50
“Azercell” şəbəkədaxili tarifləri 50% bahalaşdırıb. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, mobil operator fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Azercellim” paketi üzrə əvvəllər şəbəkədaxili zənglərin 1 dəqiqəsini 4 qəpikdən, şəbəkəxarici zəngləri isə 6 qəpikdən hesablayırdı. Şirkət bu il fevralın 19-dan isə bu iki tarifi ümumiləşdirərək ölkədaxili tarif müəyyən edib və bu tarifi 6 qəpikdən hesablayır. “Azercell”in əsaslandırmasına görə, “Azercellim” tarif paketi çərçivəsində şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu abunəçilərə həm bütün istiqamətlərdə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. Əslində isə şəbəkədaxili zəng istifadəçiləri üçün tarif 50% artırılıb. 

“Azercell” bundan əlavə, fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə 20 qəpik aylıq abunə haqqı tətbiq edəcəyini açıqlayıb. “Buraxılmış zəng” və “Xəbər ver” xidmətləri vasitəsilə telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqqında məlumat almaqla yanaşı, abunəçilər, həmçinin qarşı tərəfin şəbəkəyə qayıtdığı barədə avtomatik SMS bildiriş alacaqlar. “Buraxılmış zəng” xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün “Xəbər ver” xidməti də ləğv ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top