Əhmədlə bağlı şok detallar: necə “ruhi xəstə” olub və hansı yolla sürücülük vəsiqəsi alıb?

TƏHLİL 15 fev 2024, 14:07
Son günlər hər kəs ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovu müzakirə edir. Bəziləri özünü hadisənin təfərrüatlarını açıqlayan “müstəntiq” kimi aparır, bəziləri “psixoloq”, bəziləri də “hərşeyşünas” kimi. Bu müzakirələrdə bir neçə motiv üzərində dayanılır. Qətlə yetirilən ailə üzvlərinin kimliyi, valideynlərin məmur və məktəb direktoru olması, onların son görüntüləri, Əhmədin sürdüyü maşının markası, onun son görüntüləri, dayısının iş adamı olması və bu kimi məsələnin əsl mahiyyətini arxa plana keçirən onlarla məsələ var. Bütün media və sosial şəbəkə seqmenti bu motivlərin üzərinə fokuslanıb. Əhmədin geyindiyi paltarın markasını da tapıb ortaya çıxarsalar, o qədər də təəccüblü olmayacaq.

Amma bütün bu müzakirələr hadisədə əsas motivi arxa plana keçirir. Bu, Əhmədin daha öncə də cinayət törətməsi və necə azadlıqda gəzməsi, sürücülük vəsiqəsini necə əldə etməsi, taksi fəaliyyəti ilə necə məşğul olmasıdır. Baş verən hadisə göstərdi ki, potensial cinayətkar illərlə cəmiyyətin içində dolaşırmış və hər kəsə təhlükə yaradırmış. Açıq qalan suallar var və bu sualların cavabları çox gizlinləri özündə saxlayır.

Necə ola bilər ki, bir adam cinayət törədir, lakin həbs olunmur və azadlıqda gəzir?

Yayılan məlumatlar onu deməyə əsas verir ki, Əhməd daha öncə cinayət törədib, lakin həbs olunmayıb. Buna səbəb onun psixi problemlərin olmasıdır, hətta Əhmədin ruhi xəstə olduğu haqda sənəd var. Bura qədər hər şey normal görünür, amma...

Necə ola bilər ki, ruhi xəstə olan bir şəxs əlini-qolunu sallayaraq, cəmiyyətin içində gəzir, istədiyini edir?

Deməli burada doğru olmayan, qanunsuzluğun edildiyi ehtimalını önə çıxaran məsələ var. Görünür, Əhməd ilk cinayətini törədəndə ailəsi onun həbs olunmasının qarşısını almaq üçün “ruhi xəstə” olduğuna dair sənəd əldə edə bilib, yəni bu sənədin qanunsuz olduğu və nələrinsə qarşılığında verildiyi ehtimalı böyükdür. Əks təqdirdə, ruhi xəstə olan şəxs sərbəst şəkildə gəzə, hətta sürücülük vəsiqəsi ala bilməzdi.

Necə ola bilər ki, “ruhi xəstə” olan Əhməd sürücülük vəsiqəsi ala bilib?

Deyək ki, Əhmədin “ruhi xəstə” sənədi qeyri-qanuni yollarla əldə edilib, amma belə bir sənəd mövcuddursa, o zaman, bu şəxs sürücülük vəsiqəsi də əldə edə bilməz, amma hansısa yollarla əldə edə bilib. Deməli, Əhmədin sürücülük vəsiqəsi almasında da qeyri-qanuni əməlllər mövcuddur.  

Bu qətl hadisəsi təkcə bir ailənin məhv olması ilə nəticələnmədi, həm də bir çox qanunsuzluqlar haqda ehtimalları gündəmə gətirdi. Əhmədin “rusi xəstə” sənədini əldə edə bilməsi, buna baxmayaraq, sərbəst şəkildə gəzməsi, sürücülük vəsiqəsini hansı yollarla alması araşdırılmalı mövzulardır. Qətl hadisəsində əsas məsələ də Əhmədin sürdüyü maşının markası, yaxud qətlə yetirilən valideynlərin harada işləməsi, dayısının iş adamı olması və s. yox, məhz bunlar olmalıdır!



Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top