“Sevgililər günündə inanmıram ki, kimsə kiməsə kitab bağışlayar" — Oğuz Ayvaz

GÜNDƏM 14 fev 2024, 16:33
Daha çox sevgililər günü kimi qeyd olunan 14 fevral tarixi həm də Beynəlxalq Kitab Bağışlama Günüdür. 2012-ci ildən qeyd edilən bu gün ABŞ-də məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə insanları həmin günü uşaqlara kitab vermə günü kimi qeyd etməyə çağırıb. Beləliklə dünyanın bir çox ölkəsində bu ənənə yayılmağa başlayıb və təqvimdə öz yerini alıb. 

Yazıçı Oğuz Ayvaz cəmiyyətimizdə kitab bağışlamaq mədəniyyətinin hələ formalaşmadığı qənaətindədir:  

“Sevgililər günündə inanmıram ki, kimsə kiməsə kitab bağışlayar. Cəmiyyət olaraq hələ də məişət səviyyəsindəyik. Bir-birimizə ancaq gül, ətir, paltar, şokolad bağışlaya bilərik. Kitab bağışlamaq isə mədəni cəmiyyətlərə aid ənənədir. Kitab insan üçün xəzinə olsa da müəllifə önəm vermək də gərəklidir. İnsanları, cəmiyyətimizi qınaq obyekitinə çevirə bilmərəm. İnsanların mövzuları, danışdıqları yalnız və yalnız rəqəmlərdir - "maaş nə vaxt gələcək?", "yağın qiyməti qalxdı", "1 manata kartof olar?!" və ilaxır. Kimə, nəyə irad tutasan ki, bu cəmiyyətdə kitab oxunmur, nə bilim filmə baxılmır. Kitabın əvvəl-axır dövrlə də əlaqəsi var. Dövrün nələri təbliğ etdiyini də yaxşı bilirik. Kitab insanın düşüncəsini, üfüqlərini genişləndirir, dünyagörüşünü artırır, standartlardan xilas edir, komplekslərdən azad edir, stresi azaldır, darıxmağa qoymur. Kitab insanın ən yaxın sevgilisidir. Kitabsız cəmiyyət qaranlıq tuneldə işıqsız qalanlardır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top