“Jurnalist etikasına da sığmır…” — Yeni trend

GÜNDƏM 12 fev 2024, 16:46
Bu gün səhər saatlarında Əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyevin İstanbulda müalicə aldığı xəstəxanada vəfat etməsi xəbəri yayıldı. İlk öncə bəstəkarın sənət dostları tərəfindən sosial şəbəkədə yayılan məlumat çox keçmədən xəbər saytlarına da ayaq açdı. Lakin ardıyca Heydər Əliyev Fondundan bildirildi ki, bu gün tanınmış incəsənət xadimi əməliyyat olunacaq. Cavanşir Quliyevin Teleqraf.com-a açıqlamasında “Dualara görə hər kəsə təşəkkür edirəm, babatam”, - deməsindən sonra bir daha yayılan bəd xəbərin əsassız olduğu ortaya çıxdı. Təəssüf ki, son vaxtlar mediada təsdiqini tapmayan xəbərlər yayılır. Bəzi saytlar sanki tanınmış şəxsləri “öldürməy”ə tələsir.

Media eksperti Ələsgər Məmmədli Demokrat.az-a açıqlamasında bu tendensiyanı iki səbəblə əlaqələndirib:

“Doğru, yanlış – fərqi yoxdur, təki “xəbəri birinci mən yaymış olum” düşüncəsi və “ən çox mənim xəbərim oxunsun” məqsədilə xəbər yaymaq xəstəliyidir bu. Qeyri-peşəkar şəkildə, təsdiqlənməyən, dəqiqləşməyən informasiyanın yayılması ciddi problem yaradır. Əlbəttə, bu tək medianın problemi deyil. Bugünkü xəbərin ilkin qaynağı media olmasa da, mahiyyət etibarilə məsələ eynidir. Daha öncəki hallardan da aydın görünür ki, “xəbəri yayan birinci mən olum” düşüncəsi ilə informasiya mahiyyətinə, şəxsin ailəsinə, cəmiyyətə verdiyi zərərə baxılmadan yayılır. Bu cür qeyri-peşəkar davranış jurnalist etikasına da sığmır, hüquqa da ziddir. Qanunvericiliyə görə, şəxsi məlumatlar qanunsuz paylaşıla bilməz, doğru olmayan məlumatlar ümumiyyətlə, yayıla bilməz. Təəssüf ki, sosial medianın qeyri-peşəkar və dırnaqarası rəqabətcil davranışı tanınmış şəxslərə yönəlik bu cür hadisələrdə özünü daha qabarıq büruzə verir”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı Əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyevin İstanbulda müalicə aldığı xəstəxanada əməliyyat olunduğunu açıqlayıb: “Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”, - qurumun rəsmisi sosial şəbəkə hesabında qeyd edib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top