Yeni dünya nizamı və Azərbaycanın “Geosiyasi inqilabı” — Azər Niftiyev yazır

TƏHLİL 08 fev 2024, 18:21
Dünya liderləri Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərini diqqət mərkəzində saxlayıb və növbəti qələbəsi münasibətilə İlham Əliyevə operativ təbriklər gəlməkdə davam edir. 

2018-ci il seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin həyatında ciddi dəyişikliklərin anonsunu verdi. Ötən dövr ərzində həyata keçirilən ardıcıl, çoxvektorlu, instusional islahatlar, idarəetmə sisteminin və bütün hakimiyyət qollarının yenilənməsi, çoxşaxəli islahatların cəmiyyətin bütün sahələrinə sirayət etməsi ölkəmizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirdi. İlham Əliyevin 20 illik rəhbərliyi dövründə düşmənin və havadarlarının bütün təxribat cəhdlərinə baxmayaraq, ordu quruculuğu, ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsi və beynəlxalq miqyasda nüfuzunun artırılması istiqamətində addımları nəticə etibarilə Azərbaycana regionda lider, dünyada isə önəmli dövləti statusu qazandırdı. Qarşıda isə milli maraqlara söykənən daxili və xarici siyasət kursunu növbəti mərhələyə daşımaq, düşmənin təxribat cəhdlərinə layiqli cavab vermək missiyası dayanırdı.

Beynəlxalq münasibətlər sistemindəki gərginlik, regiona nəzarət uğrunda toqquşmalar fonunda 30 ildir düşmən tapdağında olan ərzilərin geri qaytarılması heç də asan məsələ deyildi. 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi tərxribat və bu təxribatdan sonra Azərbaycan Prezidentinin torpaqların işğaldan azad edilməsi tələbində israrlı mövqeyi, Ermənistan rəhbərliyinin isə bu çağırışa məhələ qoymaması, bir neçə ay sonra növbəti təxribat cəhdi ölkəmizi qəti addımlar atmağa təhrik etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi, eləcə də arxasındakı xarici havadarları hesab edirdilər ki, regional konfliktlərin artdığı, maraqların toqquşduğu, dünya gücləri arasında mübarizənin şiddətləndiyi bir dövrdə Azərbaycan müharibə varinatını seçməyəcək. Lakin unudurdular ki, Ermənistanın qarşısında qüdrətli orduya və müstəqil iqtisadiyyata malik bir dövlət, onun başında isə qətiyyətli, iradəli və praqmatik bir LİDER dayanıb. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, rəşadətli Azərbaycan Ordusunun şücayəti və Azərbaycan xalqının həmrəyliyi hamını bir məqsəd uğrunda birləşdirirdi. 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı zamanı əldə edilən tarixi Zəfər 30 illik tarixi həsrətimizə son qoymaqla yanaşı, Azərbaycanın və onun liderinin dünya miqyasında rolunu daha da artırdı. Müharibənin gedişatı zamanı, həm də ondan sonra ölkəmizə qarşı çoxvektorlu təzyiq siyasətini işə salan, Azərbaycanı okeanın o tayından  gələn təlimatları icra etməyə təhrik etməyən istəyən, Avropa mülki müşahidə missiyası adı altında Qərb kəşfiyyatçılarını Ermənistanla sərhədə toplayan qüvvələr də yekunda Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə barışmalı oldular. Azərbaycanın mesajı aydın idi - heç bir qüvvə ölkəmizi torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etməkdən, müstəqil və milli maraqlara söykənən diplomatik siyasət kursundan imtinaya təhrik edə bilməz.

Dünyanın siyasi və iqtisadi nizamını, beynəlxalq münasibətlər sistemini dərindən bilən Əliyev əmin idi ki, müstəqil və balanslaşdırılmış xarici siyasət kursundan imtina Azərbaycanı regional və beynəlxalq proseslərdən kənar qoymaqla bərabər, onu iradəsiz bir dövlətə çevirər. Necə ki, Ermənistanın təcrübəsində bunu görürük. 30 il ərzində rupor dövlət olaraq yürütdüyü işğalçılıq siyasəti, son illərdə isə okeanın o tayından gələn əmrləri qeyd-şərtsiz icra etməsi, nəticə etibarilə bütün regional iqtisadi layihələrdən kənarda qalması və səfil bir ölkəyə çevrilməsi bunun bariz nümunəsidir. GUAM çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edən ölkələrin bəzilərinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) keçirilən seçkilər zamanı ölkəmizin əleyhinə səs verməsi, bəzilərinin isə seçkilərdə iştirak etməməsi, siyasi iradələrinin ziddinə hərəkət etməsi də bu xüsusda təsadüfi sayıla bilməz. Məhz belə bir gərgin və həlledici məqamda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü, milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış diplomatik siyasət kursu ölkəmizi daha da gücləndirərək önəmli dövlətlərdən birinə çevirdi. 

Prezident seçkilərindən sonra dünyanın nüfuzlu dövlətlərinin başçılarının İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik etməsi, onu dost adlandırması ölkəmizin mühüm geopolitik qələbəsi kimi qeyd oluna bilər. 

Məlumdur ki, Çin dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Siyasi analitiklərin və beynəlxalq şərhçilərin iddialarına görə isə, ən yaxın gələcəkdə dünya lideri statusuna sahib olacaq. Çinin dövlət başçısı Si Cinpin İlham Əliyevə ünvanladığı təbrik məktubunda Azərbaycanla strateji münasibətlərin əhəmiyyətindən danışaraq, İlham Əliyevi Çin xalqının dostu adlandırır.  “Bir kəmər, bir yol” layihəsinin birlikdə həyata keçirilməsində İlham Əliyevin xidmətlərini xüsusi olaraq qeyd edir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət kursu Azərbaycanı yeni dünya nizamında həlledici və strateji ölkələrdən birinə çevirib.

Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin tarixdə ən yüksək səviyyəyə yüksəlməsi, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə türk dövlətləri arasında həmrəyliyin keyfiyyət etibarilə yeni mərhələyə adlaması, türk dövlətləri ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannamələrinin imzalanması, Özbəkistanın, Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın, eləcə də Mərkəzi Asiyanın strateji ölkələrindən olan Tacikistanın dövlət başçılarının strateji münasibətlərin gələcəyindən əminliyini ifadə edən təbrik məktubları aydın şəkildə deməyə əsas verir ki, Prezident İlham Əliyev tərəfindən uğurlu diplomatik siyasət kursunun nəticəsində Azərbaycan daha böyük uğurların astanasındadır. 

QALİB XALQA və QALİB LİDERƏ qələbələr yaraşır!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top