35 yaşlı kişi dayısının azyaşlı qızı ilə cinsi əlaqədə oldu və sonra isə... — MƏHKƏMƏ

KRİMİNAL 08 fev 2024, 13:17
Lerik rayonunda 1989-cu il təvəllüdlü Həşim dayısı İbrahimə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 10-da baş verib. Həmin gün, saat 11 radələrində uzun müddətdir ki, aralarında narazılıq olan dayısı İbrahim onun yaşadığı evin yuxarı hissəsində yerləşən torpaq sahəsində dəryazla ot biçərkən yanına gəlib. İbrahim torpaq sahəsinin özünə məxsus olmasını bildirib və onu həmin sahədən çıxarmağa çalışıb. 

Buna görə onlar mübahisə edərək dalaşıblar. Dalaşma zamanı Həşim əlində olan dəryazla İbrahimin sağ qol nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Həşimin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həşim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş İbrahim həmkəndlisi və dayısıdır: “Təxminən 2 ildir ki, dayımla aramızda narazılıq və ziddiyyət var. Bir-birimizi danışdırmırıq. İbrahim qardaşı qızı Vüsaləni yalandan öyrədərək guya onunla cinsi əlaqəyə girməyim barədə şikayət edib. Bununla bağlı araşdırma aparılaraq cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin hadisədən sonra aramızda narazılıq və ziddiyyət yaranıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 10 iyun 2023-cü ildə, saat 9-10 radələrində həmkəndlisi Vaqiflə birlikdə yaşadığı kənddə yerləşən otlaq sahəsinə ot biçmək üçün gediblər: “Həmin gün, saat 11 radələrində dayım İbrahim əlində yaba ilə mənə yaxınlaşaraq “bu sahə mənimdir, nə üçün burada ot biçirsiz, çıxın buradan” dedi. Ona “gözlə, polisə zəng edim araşdırsınlar, sənin yerin olsa çıxıb gedərəm” deyə cavab verdim. Halbuki həmin yer bizə məxsusdur. Bunu dedikdən sonra İbrahim əlində olan yabanın iti tərəfi ilə mənə zərbə vurmaq istədi. Mən də əlimdə olan dəryazla onun zərbəsinin qarşısını aldım. Bundan sonra İbrahim əlində olan yaba ilə yenidən üzərimə hücum etdi, mənə zərbə vurdu, yabanın iti tərəfi sağ bazu nahiyəmə dəyərək xəsarət aldım. Arxaya doğru qaçmaq istəyərkən İbrahim əlində olan yaba ilə bir dəfə də mənə zərbə vurdu. Yenidən əlindəki dəryazla İbrahimin zərbəsinin qarşısını alarkən dəryaz yabanın üstündən sürüşərək İbrahimin sağ qolunun iç səthini kəsdi.

Bundan sonra İbrahim heç bir söz demədən qaçaraq evinə doğru getdi”. 

İş üzrə zərərçəkmiş İbrahimin sözlərinə görə, təqsirləndirilən Həşim onun həmkəndlisi və bacısı oğludur: “Aramızda təxminən 3 ildir ki, narazılıq və ziddiyyət var. Qardaşım qızı Vüsalə azyaşlı olduğu zaman Həşim onu aldadaraq onunla cinsi əlaqəyə girib. Vüsalə ilə profilaktiki söhbətlər nəticəsində onun 4 dekabr 2018-ci ildə onunla ilk dəfə cinsi əlaqəyə girərək bakirəliyini pozan şəxsin Həşim olduğunu etiraf etdi. Mənim səylərim nəticəsində Vüsalə Həşimin barəsində şikayət etdi. Bununla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparıldı. Qeyd olunan hadisədən sonra aramızda narazılıq yarandı. Bir-birimizi danışdırmırıq”. 

İbrahim qeyd edib ki, 10 iyun 2023-cü ildə, saat 10 radələrində evinin həyətyanı torpaq sahəsində biçilmiş otları yaba ilə yığarkən yuxarı boylandıqda 3 nəfər şəxsin onlara məxsus pay torpaq sahəsində dəryazla ot biçdiklərini gördüm. Yaxınlaşdıqda həmin şəxslərin bacım oğlu Həşim, həmkəndlilərim Vaqif və Elcan olduqlarını gördüm. Onlara yaxınlaşaraq “burada nə edirsiz, çıxın gedin buradan” dedim. Vaqif və Elcan kənara çəkildi. Həşimə üzümü tutaraq “sən mənim həyətimdə nə edirsən” dedim,  ondan həyətdən çıxmasını istədim. Bu zaman Həşim cibindən telefonu çıxararaq “bu dəqiqə “102” xidmətinə zəng edərəm məsələni aydınlaşdırarlar” dedi. Həşimə həyətdən çıxıb zəng etməsini bildirdim. Həşim mənə “sən kimsən, yer mənimdir” deyə cavab verdi. Buna görə aramızda mübahisə yarandı. Əlimdə yaba, Həşimdə isə dəryaz olub. Mübahisə zamanı əlimdə olan yaba ilə Həşimə zərbə vurdum. Lakin zərbənin ona dəyib-dəymədiyini dəqiq xatırlamıram. Həşimə yaba ilə vurarkən o da əlində olan dəryazla mənə zərbə vurdu. Dəryazın kəsici hissəsi sağ qolumun iç nahiyəsini kəsdi. Qolumdan qan axmağa başladı. Qolumdan qan axdığını görərək dərhal evə gəldim. Təcili yardıma zəng etmək istəsəm də, edə bilmədim. Bundan sonra həyətdə ip tapıb qolumu kəsildiyi yerdən bir qədər yuxarıdan bağladım. Bundan sonra qonşum Əlinin evinə tərəf getdim. Lakin həyətdə heç kimin olmadığını görərək geri qayıtdım. Qan qolumdan axmağa davam etdi. Buna görə də daha bir ip tapıb qolumu bağladım. Bundan sonra evin aşağı hissəsində yerləşən qonşum Vüqarın evinə tərəf getdim. Vüqarın yoldaşı evdən çıxdı. Ona təcili yardıma zəng etməsini bildirdim. Vüqar da həyətə çıxaraq məni gördü. Evdən parça gətirməsini istədim. Vüqar parça gətirdi. Lakin bağlaya bilmədi. Bir neçə dəqiqə orada qaldım, təcili yardım avtomobilinin yuxarıda olduğunu görərək bir qədər yuxarı qalxdım. Təcili yardım həkimləri məni Lerik Rayon Mərkəzi Xəstəxanasına apardı. Orada ilk tibbi yardım göstərdilər. Bundan sonra məni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına apardılar. Orada əməliyyat olundum”. 

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həşim aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top