"Ərazi bütövlüyümüzün bərpası Avropada bəzi dövlətləri və mərkəzləri narahat edir"

MÜSAHİBƏ 30 yan 2024, 13:54
Müsahibimiz siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədlidir.

- Mətin müəllim, məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında ölkəmizə qarşı 4 əsas iddia irəli sürülüb və Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq, AŞPA-dakı mövcud dözülməz irqçilik, Azərbaycanofobiya və islamofobiya mühiti fonunda bu qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul etdiyini açıqlayıb. Sizin fikrinizcə, AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi bu qərəzli münasibətin kökündə dayanan əsas səbəb nədir?

- AŞPA-nın ölkəmizə qarşı qəbul etdiyi ədalətsiz qərarı bır sıra səbəblərlə əlaqələndirirəm. Ancaq ən əsas səbəb, fikrimcə, geosiyasi amillərlə bağlıdır. Daha dəqiq desək, İkinci Qarabağ müharibəsindən və Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar bir sıra aparıcı Avropa dövlətlərini o qədər də qane etmir və bu səbəbdən də onlar müxtəlif təsir mexanizmləri vasitəsilə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Görünən odur ki, Avropa Şurası burada təzyiq vasitələrindən biri kimi çıxış edir. Diqqət çəkən daha bir məqam AŞPA-nın ölkəmizə qarşı qəbul etdiyi sərt, qərəzli qətnamənin zamanı ilə bağlıdır. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu illər ərzində həmin təşkilatla xeyli sayda müxtəlif problemləri olub, ancaq heç bir zaman AŞPA Azərbaycanla bağlı belə sərt qərar qəbul etməyib. Belə olan halda ortaya məntiqi bir sual çıxır, indi nə baş verib ki, Avropa Şurasını bu qədər qəzəbləndirib?! Hesab edirəm ki, son illər ölkəmizlə bağlı baş verən ən vacib hadisə ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin vaxtı ilə işğal edilmiş bütün torpaqlarımız üzərində bərqərar edilməsidir. Bu fakt, bir qədər əvvəl də qeyd etdiyim kimi, Avropada bəzi dövlətləri, mərkəzləri narahat edir. Burada, mən xüsusilə Fransanın mövqeyini vurğulamaq istərdim. Rəsmi Paris həm Fransada güclü dayaqları olan erməni diaspor, lobbi qruplarının təsiri ilə, həm də özünün regionla bağlı neoimperial geostrateji maraqları səbəbindən antiazərbaycan siyasəti həyata keçirməyə çalışır. Eyni zamanda, AŞPA-nın məlum qərarının qəbul edilməsində digər səbəblər kimi bu təşkilatda mövcud olan Azərbaycanofobiya, türkəfobiya, islamofobiya təmayüllərini də qeyd edə bilərik. Təəssüf ki, Avropada bir çox siyasi, elmi-akademik dairələr düşünür ki, Avroatlantik məkana aid olan təşkilatlar xristian klubu kimi fəaliyyət göstərməlidir. Belə avrosentrist, oriyentalist yanaşma bir çox hallarda ölkəmizlə bağlı olduğu kimi ədalətsiz, qeyri rasional qərarların qəbul edilməsində az rol oynamır. Həmçinin, burada sol təmayüllü siyasi qüvvələrin də fəaliyyətini əlavə edərdim. Yeri gəlmişkən, AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qərara səs verənlərin böyük əksəriyyəti məhz solçulardır.

- AŞPA-nı da digər Avropa strukturları kimi məhz Azərbaycanın bütövlüyü narahat edir? Çünki bu qurum da digərləri kimi maraqlı idilər ki, Azərbaycan Qarabağ problemi ilə əbədi yaşasın və hər dəfə keçirilən sessiyalara bu problemlə gəlsin. Amma olmadı.

- Son üç ildə baş verən proseslərə nəzər saldıqda aydın görmək olar ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir çox dövlətləri, güc mərkəzlərini narahat edib. Son baş verənlərdən belə təsəvvür yaranır ki, müstəqillik illərimizdə xalqımızın əldə etdiyi ən böyük tarixi uğurdan məmnun olmayanlar sırasında AŞPA da var. Qərbdə və yaxud qeyri-Qərbdə bir çoxları düşünür ki, Azərbaycan nə qədər öz problemləri ilə yaşasa, bir o qədər yaxşıdır. Görünən odur ki, güclü, ərazi bütövlüyünü təmin etmiş, müstəqil Azərbaycanın mövcudluğunu bəzi dövlətlər, dairələr regionla bağlı planlarının həyata keçməsində maneə kimi qəbul edirlər. Konkret olaraq AŞPA ilə bağlı faktlara nəzər salaq. Yalnız 2023-cü ildə Qarabağda baş verənlərlə bağlı AŞPA bir neçə qətnamə qəbul edib və bütün bu qətnamələrdə Azərbaycan əsassız olaraq ittiham və yaxud tənqid edilir. Xüsusilə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra AŞPA-nın qəbul etdiyi qətnamədə Azərbaycan Qarabağda etnik təmizləmədə və erməniləri məcburi köçürmədə ittiham edilir. Hətta bu sifarişli və qərəzli qətnamə qəbul edilərkən antiterror tədbirlərindən sonra bölgəyə gələn BMT missiyasının rəyi də nəzərə alınmayıb. Qeyd edək ki, BMT missiyasının rəyində Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı və ondan sonra mülki şəxslərə, infrastruktura qarşı hər hansı zorakılığın olmadığı qeyd edilmişdir. Ancaq gəlin baxaq, həmin AŞPA 2001-2020-ci illər ərzində Ermənistanın timsalında bir üzv dövlətin digər üzv dövlətin, Azərbaycanın torpaqlarını işğal faktına görə Ermənistana hər hansı sərt sanksiya tətbiq edibmi? Təəssüf ki, xeyr. Bütün bunlar əlbəttə ki, AŞ-nın hadisələrə, faktlara ikili standartlardan, selektiv yanaşmasından xəbər verir.

- Təkcə AŞPA deyil, ümumilikdə Qərbin bəzi beynəlxalq təşkilatlarının Azərbaycana qarşı total hücumlarının məqsədi nədir? Bu təşkilatlar Cənubi Qafqazda regional əməkdaşlığa təhdid yaratmaq və yeni cəbhələr formalaşdırmaq istəyirlər?

- Sizin də qeyd etdiyiniz kimi Azərbaycana qarşı Qərbdə qərəzli, ədalətsiz yanaşma yalnız AŞPA ilə məhdudlaşmır. Məsələn, bu günə qədər Avropa Parlamenti də dəfələrlə ölkəmizə qarşı əsassız qətnamələr qəbul edib. Və yaxud, Fransa parlamentinin həm yuxarı, həm aşağı palatası Azərbaycana qarşı İkinci Qarabağ müharibəsindən sonra 3 qətnamə qəbul edib. Fransa Senatı fransız hökumətindən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edən sonuncu qətnaməni bir neçə gün əvvəl, 17 yanvar tarixində qəbul edib. Avropada, onun ayrı-ayrı dövlətlərində, təşkilatlarında qəbul edilən bu qətnamələr, qərarlar bölgədə həm regional əməkdaşlığa, həm də regional təhlükəsizliyə müəyyən təhdidlər yaradır. Azərbaycan çoxvektorlu xarici siyasətində Avropa İttifaqı ilə də, ayrı ayrı Avropa dövlətləri ilə də əlaqələrə böyük əhəmiyyət verib. Təsadüfi deyil ki, bu günə kimi Azərbaycan Aİ üzvü olan 9 dövlətlə strateji tərəfdaşlığa dair sazişlər imzalayıb. Cənubi Qafqazı, Xəzər hövzəsini Avroatlantik məkana bağlayan böyük geosiyasi əhəmiyyəti olan enerji, nəqliyyat layihələri məhz Azərbaycanın təşəbbüsü, fəal iştirakı ilə həyata keçirilib. Azərbaycan hazırda davam edən mürəkkəb geosiyasi proseslər fonunda Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bütün bunları nəzərə almadan Azərbaycana qarşı atılan addımlar Avropanın da strateji maraqlarına uyğun deyil. Əslində proseslərə daha dərindən yanaşsaq görərik ki, Azərbaycan bölgədə kollektiv Qərbin də həllində maraqlı olmalı olduğu bir münaqişəni, problemi həll edib. Ancaq təəssüf ki, Qərbdə bəzi aparıcı dövlətlər, dairələr bütün bu vacib məqamları nəzərə almadan özlərinin dar, merkantil maraqlarından çıxış edərək ölkəmizə qarşı az qala səlibçi ruhda siyasət aparırlar.

 - Azərbaycanın AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması ölkə üçün nə vəd edir?

- Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumun ölkəmizə qarşı ədalətsiz davranışına etiraz olaraq bu təşkilatla əməkdaşlığı dayandırıb. Bu baxımdan AŞ-nin Azərbaycanla bağlı siyasətini müsbətə doğru ciddi dəyişmədən tərəflər arasında münasibətlərin normallaşacağını gözləmirəm. Açığı Avropa Şurasında antiazərbaycan əhvalı o qədər güclüdür ki, yaxın perspektivdə ölkəmizin hətta tamamilə qurumdan çıxması məsələsinin rəsmi Bakının gündəliyinə daxil ediləcəyini də istisna etmirəm. Azərbaycan müstəqil, güclü, xarici siyasətində hər zaman milli maraqlarına və beynəlxalq hüquq normalarına əsaslanan dövlətdir və hər hansı dövlətin, beynəlxalq təşkilatın onunla təzyiq, təhdid dilində danışmasını qəbul etmir və etməyəcək.

- Qərbin, o cümlədən, Fransanın regiona müdaxilə cəhdlərini görürük. Bu, daha çox sülh prosesini pozmaq, öz maraqlarını təmin etmək məqsədi daşıyır. Bu istiqamətdə prosesləri necə görürsünüz?

- Fransanın, digər Qərb dövlətlərinin, təşkilatlarının regiona neqativ müdaxiləsi bölgədə kövrək sülh proseslərini pozur. Mən, hələ ki, kollektiv Qərbi nələrdəsə ittiham etməkdən çəkinirəm. Əvvəldə qeyd etdiyim kimi, Azərbaycanın bir çox Qərb, Avropa dövlətləri ilə ikitərəfli müstəvidə yüksək səviyyəli münasibətləri var və bu münasibətlər inkişaf edir. Ancaq Fransa kimi Qərbin bəzi dövlətləri regionda sülhə mane olan siyasətlərini həvəslə davam etdirirlər. Ermənistanı silahlandırmaqla, Azərbaycana qarşı qərəzli qərarlar qəbul etməklə və s.

- Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı rəsmi Bakı öz təkliflərini verib. Azərbaycanın marağındadır ki, sülh sazişi imzalansın. Ancaq Ermənistan tərəfindən məsələ ilə bağlı konkret addımlar atılmır. Sülh sazişinin imzalanması ilə bağlı gözləntiləriniz nədir? Sizcə, bu il ərzində sülh müqaviləsi imzalamaq mümkün olacaqmı?

- 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xarici siyasətinin, diplomatiyasının əsas prioritetlərindən biri Ermənistanla aparılan sülh prosesi olmuşdur. Bu da təsadüfi deyil. Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin formalaşmasında maraqlıdır və bu səbəbdən də müxtəlif platformalarda Ermənistanla aparılan danışıqlar prosesində fəal iştirak edib. Bununla belə, Ermənistanın qeyri konstruktiv, ziddiyyətli mövqeyi səbəbindən hələ də bu dövlətlə yekun sülhə gələ bilmirik. Qeyd edim ki, ordumuzun keçirdiyi 19-20 sentyabr antiterror tədbirlərindən sonra qondarma-cinayətkar rejimin ləğvi, qeyri-qanuni erməni hərbi birləşmələrinin tərkisilah edilməsi ilə tamamilə yeni vəziyyət yaranıb. Belə demək mümkündürsə, danışıqlar prosesində əsas maneə aradan qaldırılıb. Buna baxmayaraq, Ermənistan hökumətinin danışıqlar prosesində yeni şərtlər irəli sürməsi, Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan qarayaxma kampaniyası sülh prosesini yubadır. Bildiyim qədər hazırda davam edən danışıqlar prosesində əsas maneələr rəsmi İrəvanın sülh müqaviləsi üzrə danışıqların iki ölkənin şərti sərhədlərinin delimitasiya prosesindən asılı vəziyyətə salınmasına çalışması, imzalanması gözlənilən sülh müqaviləsinə 3-cü tərəfin qarantor dövlət kimi cəlb etmək səyləri və kommunikasiyaların açılmasında tərəflərin uzlaşmayan mövqeyidir. Qısa olaraq qeyd edim ki, Azərbaycanın hər 3 məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, birincisi, delimitasiya və demarkasiya prosesi texniki məsələdir və illərlə davam edə bilər. Və sülh müqaviləsinin imzalanmasını ondan asılı etmək doğru deyil. İkincisi, iki dövlət arasında imzalanacaq sülh müqaviləsinə 3-cü tərəfi qarantor kimi cəlb etməyə ehtiyac yoxdur, bu məsələ ikitərəfli müstəvidə qarşılıqlı olaraq həll edilə bilər. Müqavilə imzalandısa, yerinə yetirilməlidir (beynəlxalq hüququn əsas prinsiplərindən biri: pacta sunt servanda) prinsipinə əsaslanırıq. Üçüncü, Azərbaycan kommunikasiyaların açılması problemini tərəflərin üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq praktikada olan nümunələrə uyğun olaraq həllinin tərəfdarıdır. Zəngəzur dəhlizi Azərbaycandan Azərbaycana (Naxçıvana) prinsipi əsasında açılmalıdır. Bütövlükdə isə hesab edirəm ki, 2024-cü ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalı yüksəkdir, hazıda davam edən sülh prosesindəki müsbət dinamika da belə düşünməyimizə əsas verir. Buna baxmayaraq, regionda mövcud olan mürəkkəb geosiyasi mühit, Paşinyan hökumətinin ziddiyyətli davranışları sülh prosesi ilə bağı əminliklə danışmağımıza imkan vermir. İstənilən halda Azərbaycan 2022-ci ilin martında təklif etdiyi beş baza prinsipi əsasında Ermənistanla davamlı sülhün əldə olunmasında maraqlıdır.

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hansı platformada, hansı şərtlərlə imzalana bilər?

- Əvvəla onu qeyd edim ki, birbaşa danışıqların aparılması təklifini Azərbaycan verib və belə bir təşəbbüslə çıxış etməyimizin əsas səbəbi odur ki, ikitərəfli formatda daha çox nəticə əldə edəcəyimizə inanırıq. Son üç ilin təcrübəsi də göstərdi ki, danışıqlar üçün platforma təklif edən böyük dövlətlər, güc mərkəzləri daha çox özlərinin geosiyasi maraqlarını düşünürlər. Nəticədə, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesi Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın bir elementinə çevrilir. Biz hazırda yaranmış tarixi sülh fürsətini hansısa dövlətlərin geosiyasi istəklərinə qurban verilməsini istəmirik və buna görə də Ermənistana təklif edilib ki, gəlin problemlərimizi birlikdə üçüncü tərəf olmadan həll edək. Azərbaycanın belə bir mövqeyinin formalaşmasında vasitəçilik təşəbbüsü ilə çıxış edən bəzi aparıcı Qərb dövlərinin, beynəlxalq təşkilatlarının ölkəmizə qarşı qərəzli mövqeyi, qeyri-adekvat davranışı da böyük rol oynayıb. Artıq son 3-4 ayda tərəflər arasında diplomatik təmaslar hər hansı vasitəçi olmadan aparılır və müəyyən nəticələr də ortadadır. Buna misal olaraq ötən il dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş nazir aparatı arasında olan məlum razılaşmanı, son aylarda iki ölkə arasında hərbi - siyasi eskalasiyanın səngiməsini, sülh müqaviləsinin layihəsi üzrə danışıqların sürətlənməsini qeyd etmək olar.

- Birbaşa danışıqların nəticəsi ilə bağlı gözləntilər nədən ibarətdir?

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ən uyğun platforma ikitərəfli platformadır. Ancaq proseslərin inkişafından asılı olaraq tərəflər yenə də sülhə gəlmək üçün fərqli platformadan istifadə edə bilərlər. Ancaq bu asılı olacaq həmin platformaları təklif edən güc mərkəzlərinin möveyindən və davranışlarından. Hazırda isə Azərbaycan ikitərəfli danışıqlara üstünlük verir. Şərtlərə gəldikdə isə bir qədər əvvəl də dediyim kimi, Xarici İşlər Nazirliyimizin təklif etdiyi 5 baza prinsipi əsasında biz sülh müqaviləsini imzalamağa hazırıq. Qeyd edim ki, təklif edilən 5 baza prinsipi (ərazi bütövlüyünün, suverenliyin qarşılıqlı olaraq tanınması, ərazi iddialarından imtina və s.) beynəlxalq hüququn ümumtanınmış normalarına əsaslanır və Ermənistanın da maraqlarına uyğundur. Ancaq görünür, bu həqiqəti anlamaq üçün Paşinyan hökumətinin bir qədər də zamana ehtiyacı var.

- Anklavlarla bağlı məsələnin həllini necə görürsünüz? Ermənistanın danışıqlar yolu ilə kəndləri boşaldacağı ehtimalı nə dərəcədə realdır?

- 1990-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycanın 8 kəndi hələ də Ermənistanın nəzarəti altındadır. Burada söhbət məlumdur ki, Qazaxın 7, Naxçıvanın 1 kəndindən gedir. Bu yaxınlarda Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində isğal altında olan kəndlərimizlə bağlı dövlətimizin mövqeyini aydın ifadə etdi. Prezident qeyd etdi ki, Azərbaycan ərazisinə bitişik kəndlər qeyd-şərtsiz qaytarılmalıdır, digər anklav kəndlər isə müzakirə mövzusu ola bilər. Məlumdur ki, Ermənistanın 1 kəndi də (Başkənd) bizim nəzarətimizdədir, qarşıdakı danışıqlar prosesində bu məsələ qarşılıqlı olaraq kompromisə gəlməklə həll oluna bilər.  Ancaq məsələ ondadır ki, Ermənistan hökumətinin bu məsələdə də mövqeyi qeyri müəyyəndir. Bu da anklav kəndlərlə bağlı danışıqlar prosesinə öz mənfi təsirini göstərir.

- Azərbaycanda gələn ay prezident seçkiləri keçiriləcək. Bu seçkilərin Azərbaycan, eləcə də regionun gələcəyi üçün əhəmiyyəti  nədən ibarətdir?

- Azərbaycanda keçiriləcək seçkilərin yalnız ölkəmizin gələcəyində deyil, bütövlükdə yerləşdiyimiz regionun gələcəyində böyük rol oynayacağı şübhəsizdir. Əvvəla ona görə ki, Azərbaycan özünün siyasi, iqtisadi, hərbi potensialına, ərazi və demoqrafik göstəricilərinə görə Cənubi Qafqazın lider dövlətidir. Təbii ki, belə bir dövlətdə baş verən vacib siyasi hadisə bütövlükdə regiona təsir edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Qarabağ zəfəri ilə, işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etməklə regionda yeni geosiyasi reallıqlar yaradıb. Qalib dövlət olaraq ölkəmizin mövqeyi həm regionda, həm də beynəlxalq münasibətlər sistemində xeyli güclənib, nüfuzu artıb. Bu gün Azərbaycan regionda cərəyan edən geosiyasi proseslərin dinamikasına əhəmiyyətli təsir edən bir güc mərkəzinə çevrilməkdədir. Seçkilərdən sonra da düşünürəm ki, Azərbaycan bu günə qədər regionla bağlı həyata keçirdiyi siyasəti daha əzmlə həyata keçirəcək. Və bu siyasətin əsas hədəfi bölgədə davamlı sülhə, inkişafa, əməkdaşlığa nail olmaqdır. Cənubi Qafqaz dünyanın ən zəif təhlükəsizlik sisteminə, ən aşağı institutlaşma səviyyəsinə malik regionlarındadır. Məhz bu amilləri nəzərə alaraq, fikrimcə, seçkilərdən sonra xarici siyasətimizin regional aspekti Ermənistanla sülhə nail olmaq, Gürcüstanla strateji tərəfdaşlığı dərinləşdirmək və nəhayət, region daxilində üçtərəfli əməkdaşlıq formatını dərinləşdirmək olacaq. Qarşıdan gələn prezident seçkilərinin ölkəmizin gələcəyi baxımından da böyük siyasi əhəmiyyəti var. Növbədənkənar prezident seçkilərinin keçirilməsi tariximizdə yeni bir dövrün, mərhələnin başlanmasını simvolizə edir. Müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ərazilərimizdə seçkilər keçiriləcək və bu faktın özünün çox böyük tarixi, siyasi, mənəvi əhəmiyyəti var. Azərbaycan dövlətinin düşünülmüş, məqsədyönlü xarici və müdafiə siyasəti nəticəsində biz 100 ildən artıqdır ki, başımız üzərində "domokl" qılıncına çevrilən, xalqımıza böyük faciələr, sarsıntılar, ərazi itkiləri yaşatmış bir milli problemi həll edə bildik. Fikrimcə, qalib lider kimi İlham Əliyevin bu tarixi uğurunu hər bir azərbaycanlı siyasi mövqeyindən, kimliyindən asılı olmayaraq obyektiv dəyərləndirməyi bacarmalıdır. Yaranmış fürsətlərdən istifadə edə bilmək, meydana çıxan təhdidləri vaxtında neytrallaşdırmaq və bütün bunları edərək rəhbərlik etdiyin ölkəni böyük qələbəyə aparmaq hər siyasətçinin bacaracağı iş deyil. Azərbaycan Prezidenti İlham Əliyev isə bunu məharətlə bacardı. Üstündən yüz illər keçsə də, bu həqiqət dəyişməyəcək. Azərbaycan ərazilərini işğaldan azad edən və bununla da separatizmə son qoyan ilk və yeganə postsovet ölkəsidir. Hesab edirəm ki, seçkilərdən sonra da Azərbaycan rasional, milli maraqlara əsaslanan xarici siyasət kursunu davam etdirəcək. Bu xarici siyasət kursunun milli təhlükəsizliyimizi, milli maraqlarımızı təmin etməklə yanaşı, qarşıdakı illərdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, rifahın formalaşmasına da ciddi töhfələr verəcəyini düşünürəm. Eyni zamanda, ümid edirəm ki, seçkilərdən sonra cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində ehtiyac duyduğumuz yenilənmə, müasirləşmə, islahatlar istiqamətində də ciddi addımlar atılacaq. (525.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top