“Qarabağ sığorta üçün riskli zonadır” — Mexanizm necə qurulmalıdır?

GÜNDƏM 29 yan 2024, 18:14
 Bakıda "Post-konflikt ərazilərin bərpasına doğru inamlı addımlar" mövzusunda seminar keçirilib. Seminarda "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib ki, Qarabağda risklər əvvəlcədən müəyyənləşdirilməli və buna uyğun sığorta mexanizmləri formalaşdırılmalıdır. O qeyd edib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" hər bir qurum və sektor üçün, o cümlədən sığorta sektoru üçün milli yol xəritəsidir. 

Post-konflikt ərazilərdə sığorta mexanizminin qurulması barədə danışan sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə sığortada hər zaman risk faktoru var.

O, Demokrat.az-a açıqlamasında deyib ki, bu risk faktorunda müharibə riskləri istisna olunur:

“Yəni terrorçuluq və müharibə şəraitində sığorta kompensasiyaları ödənişi istisna olunur. Bu, dünyada qəbul olunmuş qaydadır. Lakin bizdə şəxsin icbari həyat sığortası var, yəni hərbi qulluqçuların da icbari şəxsi həyat sığortası var. Bu, istisna hal təşkil edir. Əgər hərbi qulluqçu şəhid olursa, ailəsinə 11 min manat məbləğində kompensasiya verilir. Mina partlaması hadisələrində də icbari şəxsi sığorta üstünlük təşkil edir. Amma burada ANAMA-nın işçiləri ilə bağlı sığorta haqqı daha yüksək olacaq, çünki risk faktoru daha çoxdur. Qarabağ ərazisi ümumiyyətlə sığorta üçün riskli zonadır. Bu məsələlərlə bağlı mübahisələr yaranır, ona görə də mütləq dövlət-özəl sektor əməkdaşlığı olmalıdır. Çünki dövlət yalnız bir hissəsini kompensasiya edə bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top