Zəfərimizə xor baxan AŞPA kimə lazımdır?

GÜNDƏM 29 yanvar 2024, 10:48
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.

Bildiyimiz kimi, Azərbaycan 2001-ci ilin yanvarın 17-dən AŞPA-nın tamhüquqlu üzvü olub. Amma 2001-ci ildən 2020-ci ilə qədər AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı heç bir mövqe bildirməyib. Bunun əksinə olaraq, biz müəyyən məsələləri gündəmə gətirən zaman, onlar qeyd edib ki, AŞPA münaqişələrin müzakirə olunma platforması deyil. İndi isə insan hüquqları və demokratiya adı altında həyata keçirdikləri tamamilə Ermənistanın maraqlarına hesablanır. Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bunu bir daha sübut edir. Azərbaycanın Qarabağ zəfərini və daha sonra lokal xarakterli antiterror tədbirlərində qazandığı uğurları həzm edə bilməyən qüvvələr belə açıqlamalar verməklə, sülh prosesinə əngəl olmaq istəyirlər.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olmayan LGBT mövzusunun AŞPA tərəfindən gündəmə gətirilməsi isə onu göstərir ki, bizi əxlaqi dəyərlərimizdən də uzaqlaşdırmağa çalışırlar.

Bundan başqa, Assambleya özünün “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı Qətnaməsində və 2260 (2023) saylı Tövsiyələrində Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın bütün erməni əhalisinin öz xoşuna Ermənistana keçməsini və Azərbaycan Ordusunun haqlı olaraq başlatdığı lokal xarakterli antiterror tədbirlərini pisləyib. 

Bunun özü AŞPA-nın son fəaliyyətinin tamamilə siyasiyönümlü olduğunu deməyə əsas verir.




Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb.

Müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət edib.

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanunu vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub. Eyni zamanda 2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. 2001-ci il yanvarın 25-də Azərbaycanın o dövrkü Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkənin Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.

Mövzu ilə bağlı Demokrat.az-a danışan millət vəkili Fazil Mustafa vurğulayıb ki, beynəlxalq səviyyədə olan təşkilatların hamısı bizə lazımdır:



"Həmin təşkilatlarla biz əməkdaşlığımızı qurmalıyıq. Amma bizə qarşı hörmətsiz yanaşan qurumlarla bağlı müəyyən addımlar atmağımız təbii qəbul edilməlidir. AŞPA özünü Azərbaycana ağıl göstərən təşkilat kimi aparır. Biz orada təmsilçiyik və bu addımları görürük. Eyni zamanda, orada faşist təmayüllü xeyli adamlar var. Bunlardan biri də Şvabedir. Şvabe solçu olaraq görünsə də, tipik bir faşistdir. Azərbaycana və İslama nifrət üzərində qurulmuş siyasət anlayışına sahibdir. Eyni zamanda, onlarla Şvabe kimi tör-töküntülər əslində, AŞPA-nın nüfuzuna mənfi təsir edən fəaliyyətlə məşğuldurlar. Onlar erməni vəhşiliyinə qarşı heç bir çıxış etmədilər. Amma bütün açıqlamaları Türkiyə və Azərbaycan əleyhinədir. Ona görə də bu kimi ünsürlərdən AŞPA təmizlənməyənə qədər bizim orada fəaliyyət göstərməyimizin önəmi və izahı qalmır. Çünki AŞPA bütün məsələləri siyasi məhbus və başqa adlar altında erməniləri qorumağa yönəldib. Yəni erməni mövzusunu ən birinci sıraya qoyurlar. Buna görə də bu cür məsələlərdə AŞPA-ya qarşı prinsipial mövqeyimizi davam etdirəcəyik. Çünki bizim hansısa qurumda olmaq üçün məcburiyyətimiz yoxdur. Sadəcə olaraq, sivil dövlət olduğumuza görə bütün qurumlarla normal münasibət qurmağa çalışırıq. Həmçinin Avropa dəyərlərinə hörmət edən bir ölkəyik. Amma Avropa dəyərləri Avropanın özündə itən zaman, həmin dəyərləri bərba etmək üçün təşkilatları tərbiyələndirmək borcumuzdur".

Politoq Turan Rzayev isə bildirib ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edən Avropa Şurası Parlament Assambleyası bu addımını “Qarabağdan erməni əhalisinin çıxarılması”, təşkilatın seçkilərə dəvət edilməməsi kimi bir neçə iddia ilə əsaslandırır:

"Avropa Şurasının hesabatlarında Azərbaycanda demokratik təsisatların inkişafı, söz və media azadlığı, seçki hüququnun qorunması, siyasi plüralizm kimi təməl prinsiplərin təmin edildiyi qeydləri yer alır. Bu, Azərbaycana qarşı atılan ilk belə addım deyil, böyük ehtimalla son da olmayacaq. Çünki sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamafobiya və türkəfobiya təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib.


Diqqət çəkən bir digər məqam isə son diplomatik uğursuzluqlar fonunda Fransanın kənara çəkilərək Almaniyanı irəli çəkməsidir. Məhz buna görə təşəbbüsü almaniyalı deputat Frank Şvabe səsləndirib. Sosial Demokrat Partiyası üzvü olan və Kansler Olaf Şoltsa yaxınlığı ilə bilinən F.Şvaben Cənubi Qafqazla xüsusi maraqlanır. Bir çox AŞPA nümayəndəsi kimi F.Şvabenin də erməni lobbisi və diasporu ilə yaxın əlaqələri var. Digər diqqətçəkən məqam isə onun neonasist Pegida hərəkatının üzvləri ilə münasibətinin olmasıdır. Bütün bunları ümumiləşdirdikdə F.Şvabenin də islamafobiya və türkəfobiya olduğu üzə çıxır. F.Şvaben faktoru bir daha Fransa və Almaniyanın tandem şəklində çıxış etməsini sübut edir. Fransa bir çox hallarda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Son zamanlar rəsmi Paris Bakı qarşısında ardıcıl məğlubiyyətlər alır, Almaniya ilə birlikdə AŞPA-da belə bir cavab addımı hazırlaya bilər. Yəni Fransa Almaniyanı qabağa verib, AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

Nəticə etibarilə AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Prinsip etibarilə, bu gün Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı vaxtilə Qarabağ probleminin həllinə görə AŞPA-ya üzv olmuşdu. Artıq bu problem həll olunub. Azərbaycanın bu gün AŞPA-da olmasında heç bir zərurət yoxdur".


Şahanə Ziyad
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi mövzusunda yayımlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top