Rusiyanın Cənubi Qafqaz oyunu: Kremlin “sülhməramlılar kartı” kimə qarşıdır?

GÜNDƏM 25 yan 2024, 17:25
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyəti yoxdur.

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

"Qarabağı hər kəs Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Status məsələsi bağlanıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır", - deyə nazir vurğulayıb.


 10 noyabr bəyanatının 4-cü bəndində qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda qalma müddəti 5 ildir. Üçtərəfli razılığa uyğun olaraq müqavilənin bitməsinə yarım il qalmış tərəflərdən hansısa rus sülhməramlılarının Azərbaycanın Qarabağ regionundan çıxmasını tələb etsə, Rusiya həmin hərbi kontingenti ərazidən çıxarmağa borcludur. Həmçinin, Rusiya kontingentinin əsas missiyası atəşkəsə nəzarət və mülki əhalinin təhlükəsizliyini  qorumaq idi. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz zəfər və daha sonra lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü  tamamilə bərpa olundu. Bu da deməyə əsas verir ki, artıq bölgədə üçüncü bir tərəfin təhlükəsizlik çətiri rolunu oynamasıan ehtiyac yoxdur. 

Bəs, regionda sabitliyin möhkəmləndirməsində rus sülhməramlılarının müsbət rol oynadığını qeyd edən Sergey Lavrov bununla ictimaiyyətə nəyi çatdırmaq istəyir? 

Məsələ ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Lavrovun fikirlərinin birinci hissəsi ilə razlaşmaq olar: 

"Qarabağ məsələsinin, bölgədə Rusiya sülhməramlılarının yerləşdirməsinin Ermənistana heç bir aidiyyəti yoxdur. Eyni zamanda, gələcək zaman çərçivəsində Türkiyənin hansısa sülhməramlı qüvvələrinin, hərbi bazalarının Qarabağ bölgəsində mövcudluğunun və Azərbaycanın Ordusunun orada fəaliyyətlər həyata keçirilməsi də Ermənistana maraqlı olmamalıdır. Amma ümumən götürdükdə, Rusiya sülhməramlılarının nəinki Qarabağda,  Cənubi Qafqazda belə olmasına lüzum yoxdur. Onsuz da Cənubi Qafqazdakı problemlər Rusiya ordusunun mövcudluğu ilə yaranıb. Ona görə də Rusiya dövləti ordu və  silah gücü ilə qonşu dövlətlərlə danışmaq planını ləğv etməklə ticarət, iqtisadi, humanitar, qarşılıqlı anlaşma şəklində məsələləri həyata keçirməlidir".


Ekspert onu da vurğulayıb ki, müharibənin və Qarabağ məsələsinin bitdiyini nəzərə alsaq görərik ki, Rusiya sülhməramlılarının bölgədə qalmasına qəti olaraq ehtiyac qalmayıb:

"Yəni, Azərbaycanda bir nəfər belə Rusiya əsgərinin olması bizə lazım deyil. Həmçinin, Rusiya dövləti sülhməramlıların Qarabağda qalması üçün Azərbaycana qarşı hansısa şirnikləndirici və təzyiq dili ilə danışa bilməz. 2025-ci ilin noyabrın ayında Rusiya sülhməramlıların Azərbaycanda qalma müddəti bitir. Azərbaycan isə həmin vaxt sülhməramlılarının bölgədən çıxma məsələsini ortaya qoyacaq. Rusiya ordusu bütövlükdə bölgəni tərk etməlidir. Çünki Cənubi Qafqazda təhlükəsizliyə cavabdeh olan güclü Azərbaycan dövləti var. Azərbaycan Gürcüstan və gələcəkdə normal siyasət apara bilən Ermənistanla bu işləri həyata keçirə bilər. Yəni, Cənubi Qafqazda Rusiya kimi dövlətə ehtiyac olmayacaq".

Şahanə Ziyad
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top