
“Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub”.
Demokrat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında deyilir.
Qeyd olunur ki, son məlumata görə, 24 nəfər xəsarət alıb. Onlardan bir nəfərə yerində ilkin tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
“Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər.
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir”, - məlumatda qeyd olunub.
***
14:29
Bakıda sexdəki partlayış-yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin itləri cəlb olunub.
Demokrat.az xəbər verir ki, hazırda əraziyə gətirilən itlərin sayı 3-dür.
***
14:19
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğının söndürülməsi işləri davam edir.
Demokrat.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, partlayış nəticəsində ölən və yaralanlar olub.
***
13:19
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
***
13:14
Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, xeyli sayda xəsarət alan olduğu bildirilir.
***
12:34
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
***
12.25
Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
DİN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
***
12:23
7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.
Demokrat.az axar.az-a istinadla xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə baş verib.