Şəhriyar Del Gerani üsyan etdi: “Atam kitablarımı söydü”

ƏDƏBİYYAT 15 yan 2024, 11:00
“Dövr pis gəlib. Çox pis. Adam pulsuz olanda, kasıb olanda hamı onu alçaltmaq istəyir. Məxsusən ən yaxınlar - ailə üzvləri, qohumlar, dostlar və s. İş axtarıram neçə müddətdir, heç kəs mənə iş vermir. Atam da üz döndərdi məndən. Dedi, “Sənə iş vermirlərsə, deməli, adam deyilsən”. Daha açıq sözlərlə təhqir etdi. Demək istəmirəm. Təfərrüatları yazmaq istəmirəm yəni”.

Demokrat.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında şair Şəhriyar Del Gerani yazıb. 

O, qeyd edib ki, atası onun kitablarını söyüb:

“Sağ olsun, insan adamdır. Anamı da söyə bilərdi, söymədi. Nə isə. Dedim, kitablarımı niyə söyürsən? Kitablarım sənə neyləyib? Dedi, “Kitabların sənə pul qazandırmırsa, ... kitablarına”. 

Sözüm ona, adamlar çox əzazildir. Çox yaxşı bilirəm, bu statusum əksəriyyətin ürəyinə yağ kimi yayılacaq. Cəmiyyət qəddardır çünki. Bilirəm. Amma yazıram. Çünki başqa yolum yoxdur. Ümidsizəm. Əlim yerdən də üzülüb, göydən də. 

Subayçılıqda birtəhər başımı girələyirdim. İndi evliyəm. Nə edim, bilmirəm?! Atam da üz döndərdi məndən. Dedim bayaq. İki yüz neçə manat pensiya alır, kartı məndəydi, geri istədi. Qaytardım. Ən pis günümdə vurdu məni. Dedim axı, adamlar qəddardır. Sağ olsun yenə də. Əvvəldən kartını mənə verməyə də bilərdi. 

Sözüm onda deyil. Sözüm ona: Mən neyləyim? İş vermirlər. Heç kəs iş vermir mənə. Qalmışam düzdə. Bu əbədi ölkədə çölün düzündə qalmışam. 600 manat kirayə ödəyirəm. Evim yoxdur. 20 ildir kirayələrdə yaşayıram Bakıda. Mən nə edim? Əlimdən başqa iş də gəlmir. Gücüm yoxdur gedim fəhləçiliyə. Hövsələm çatmır ofisiantlığa. Bilmirəm neyləyim. 

Başa düşürəm, uğursuz adamam. Amma pis adam deyiləm. Allah hər şeyi görür və bilir axı. Vallah, pis adam deyiləm. Mən bu günlərə qalası adam deyildim. Bunları yazmağı özümə sığışdırmırdım, amma yazdım. Yazdım. Çünki başqa yolum yoxdur. Bir ucuz ölüm də yoxdur vızqırdıb gedək bu əbədi dünyadan! Yoxdur! Yazdım, bir az təskinlik tapdım. Çün, başqa yolum yoxdur. Mən neyləyim?”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top