Azərbaycanda mikro sahibkarların vergiyə cəlb olunmasında nə dəyişir?

BİZNES 01 yan 2024, 14:45
Bu ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar üçün 75 %-lik vergi güzəşti və azadolma tətbiq edilməyəcək.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu kateqoriyaya aid mikro sahibkarların gəlirlərinə 20 % vergi tətbiq olunacaq.

Beləliklə, mənfəətin 75 %-nin vergidən azad olunması güzəşti müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara və hüquqi şəxslərə tətbiq ediləcək.

"Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə şərtlərə cavab vermədikdə, növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 %-i qədər vergi güzəşti müəyyən edilmədikdə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılacaq", - məcəllədə deyilir.

Bundan başqa, bu ildən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 %-i 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən çıxılacaq.

Həmçinin sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 %-i 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən çıxılacaq.

Nəzərə alsaq ki, mikro sahibkarların böyük əksəriyyəti sadələşdirilmiş vergi ödəyicisidir onların vergi yükü artmır, əksinə sosial sığorta haqqını dövlət qarşıladığı üçün azaldılması gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top