Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada bayram tədbiri keçirilib

DİASPOR 25 dekabr 2023, 12:20
Moskvada Heydər Əliyev Fondununun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiya və Azərbaycanın gənclər birliklərinin, diaspor təşkilatlarının və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMOR-un sədri Ceyhun Hüseynov qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixi barədə məlumat verib. Bildirib ki, həmrəylik bayramı Azərbaycan xalqı, gəncliyi üçün ən mühüm tarixlərdən biridir: “Çünki 1989-cu ildə Azərbaycan xalqı bütün dünyaya birliyini, həmrəyliyini bəyan edib. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə ilə bunu bir daha sübut etdik”.

AMOR sədri təşkilatın 2023-ci ildəki fəaliyyəti barədə də məlumat verib. O, AMOR-un üzvlərinin sayının ilbəil artdığını söyləyib: "Təşkilat rəhbərliyi Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xüsusi diqqət ayırır. AMOR Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlığını davam etdirir. Biz birlikdə çox böyük yol keçmişik”.

Tədbirdə AMOR-un ötən ildəki fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxışında Leyla Əliyevanın rəhbərliyi ilə AMOR-un Rusiyada humanitar sahədə fəaliyyətindən danışıb, təşkilatın gənc üzvlərinin humanitar istiqamətli tədbirlərdə iştirakını yüksək qiymətləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top