Deputat: “Qərbi azərbaycanlıların deportasiyası gününün qeyd edilməsi onlara qarşı edilən haqsızlığı yaddaşımıza həkk edəcək”

GÜNDƏM 06 dek 2023, 15:33
Qərbi Azərbaycan İcmasının nəzarət təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev parlamentdə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai dinləmədə təkliflə çıxış edib. 

O, 6 dekabr tarixinin qərbi azərbaycanlıların deportasiyası günü kimi qeyd olunması fikrini irəli sürüb: 

“Çünki 35 il əvvəl məhz bu gün Nüvədi kəndi istisna olmaqla qərbi azərbaycanlıların deportasiyası başa çatıb”.


Milli Məclisin deputatı Anar İsgəndərov Demokrat.az-a açıqlamasında sözügedən təklifi belə dəyərləndirib.

Onun fikrincə, hər hansı hadisəni yaddaşa çevirmək böyük əhəmiyyət kəsb edir:

“Vaxtilə ermənilərin bizə qarşı törətdiyi soyqırımları yaddaşımıza həkk etsəydik, düşmənin növbəti addımlarına da cavab verə bilərdik. 1905-1906-cı illərdə ermənilər azərbaycanlılara qarşı soyqırım həyata keçirəndə biz bu düşmənçiliyin mahiyyətini bilmədik və yadda saxlamadıq, bunun iki qonşu xalq arasında münaqişə olduğunu zənn etdik. Ermənilər 19-cu əsrin 80-ci illərində Daşnaksütyun partiyasını yaratmaqla türk-müsəlman əhaliyə müharibə elan etdi. 

1918-ci ildə başımıza gətirilən müsibətlərin mahiyyətini yenə də dərk etmədik. 70 illik Sovet dövrü bizə xalqlar dostluğunu, proletar beynəlmiləlçiliyi öyrətdi, ermənilərsə bütün dünyaya “böyük Ermənistan”ı təbliğ etdilər. Qarabağın onlara məxsus olduğuna, türklərin onları qırdığına dünyanı inandıra bildilər. 

80-ci illərin sonu 90-ların əvvəlində soydaşlarımız doğma yurdlarından didərgin düşdü, torpaqlarımız işğal edildi. Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiyasını təqvimdə qeyd etmək istəyiriksə, 6 dekabr tarixi seçilə bilər. Hər il həmin tarixi xatırlayarkən ermənilərin bizə qarşı törətdikləri gözümüzün önündə canlanmalıdır. 

Dövlət başçısı son çıxışlarının birində qeyd etdi ki, Ermənistanla qonşuluq münasibətləri yaranacaq, buna heç kimin şübhəsi olmasın, amma ermənilərin bizə qarşı törətdiyi vəhşiliikləri heç vaxt unutmamalıyıq. Qərbi azərbaycanlıların deportasiyası gününün qeyd edilməsi də onlara qarşı olan haqsızlığı yaddaşımıza həkk edəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top