Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü olub — YENİLƏNİB

XARİCİ SİYASƏT 30 noy 2023, 15:00
30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.


***
11:18


Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb.


Demokrat.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın baş nazirin müavini Mqer Qriqoryanın ofisi yayıb.

Görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.


***
09:29


Bu gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçiriləcək.

Demokrat.az
xəbər verir ki, görüşün Qazax-İcevan sərhədində keçirilməsi planlaşdırılıb.

Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti - 5-ci iclası keçirilsin.

Komissiyalara Azərbaycan tərəfdən Şahin Mustafayev, Ermənistan tərəfdən Mher Qriqoryan sədrlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top