“Azərbaycan gələcəkdə öz kiberordusunu yaratmağı hədəfləməlidir” — Ekspert

İKT 27 oktyabr 2023, 16:57
Oktyabrın 26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence Challenge 2023”) start verilib. 

Demokrat.az
xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin IT üzrə mütəxəssisləri yarışacaqlar. Məqsəd dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsidir. 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı iqtisadi, siyasi və informasiya müharibəsi müstəvisində edilən kiberhücumlardan sonra kibertəhlükəsizliklə bağlı məsələ aktuallaşdı:

“Bu məsələ dövlətin xüsusi nəzarətindədir. Kibertəhlükəsizlik sahəsində əsas tərəfdaş ölkələr Türkiyə və İsraildir. Azərbaycanda ilk olaraq kibertəhlükəsizlik mərkəzi açıldı, kütləvi tədbirlər keçirilir, qanun inkişaf etdirilir. Nazirlər Kabineti kritik informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə mütəxəssislərin olması barədə sərəncam imzaladı. Həm qanun müstəvisində, həm də kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində ciddi aktivlik müşahidə edirik. Həm dövlət, həm də özəl sektorda bu mütəxəssislərlə kollektiv iş prinsipinin təmin olunması, insan kapitalına qoyulan investisiya – maarifləndirmə və tətbiq, bunların hər biri ümumi kibertəhlükəsizlik proqramının tərkib hissəsidir. Bu tədbirlər Azərbaycanın gələcəkdə yaradacağı “ağıllı şəhər”, “ağıllı kənd” və dövlət xidmətlərinin elektronlaşdırılmasında və qorunmasında rol oyanacaq. Dövlət gələcəkdə inkişaf etmiş ölkə kimi öz kiberordusunu yaratmağı hədəfləməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 12:22
Top