“Makronu incidən Praqa görüşündəki məğlubiyyətidir” — Kamal Cəfərov

DÜNYA 22 sentyabr 2023, 16:56
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə Qarabağdakı hadisələrlə bağlı növbəti iclas keçirildi. Bu dəfə də heç bir sənəd qəbul olunmadı, Ermənistan və havadarları istəklərinə çata bilmədilər. İclasda iştirak edən ölkə təmsilçiləri deklarativ çıxışlarla kifayətləndilər.  Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın haqlı mövqeyini fakt və sübutlarla diqqətə çatdırdı.

Milli Məclisin deputatı Kamal Cəfərov Demokrat.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Makrona açıq şəkildə Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasının heç bir nəticəsi olmayacağını, bunun digər mənasız cəhdlərdən biri olduğunu dediyini vurğulayıb:  

“Beynəlxalq hüquqda BMT-nin Təhlükəsizlik Şurası və onun fəaliyyətsizliyi ilə bağlı ciddi etimadsızlıq mühiti olsa da, istənilən halda dünyada söz sahibi olan böyük dövlətlərin son dərəcə mühüm məsələləri müzakirə etdiyi platformadır. Bu cür beynəlxalq platformada ölkəmiz tərəfindən həyata keçirilən antiterror tədbirləri ilə bağlı hər hansı bəyanat və qətnamənin qəbul edilə bilməməsi İlham Əliyevin çox böyük miqyaslı diplomatik uğurudur”.   

Deputat qeyd edib ki, iclas təşəbbüsü Fransa tərəfinin məlum məkrli səbəblərindən əlavə, Makronu incidən 2022-ci il 6 oktyabr tarixində Praqada keçirilən dördtərəfli görüşün nəticələri ilə bağlıdır: 

“Praqada üçtərəfli formatdan fərqli olaraq Fransanın iştirakı ilə dördtərəfli görüş keçirildi. Həmin görüşün yekununda qəbul edilən və Paşinyan tərəfindən imzalan bəyanatda 1991-ci il Alma-Ata Deklarasiyasına istinadən Azərbaycanın ərazi bütövlüyü bir daha tanınır. Bu cür istinad bu günə qədər keçirilmiş görüşlərdə ilk dəfə idi ki, baş vermişdi. 

Bu gün həm erməni, həm də rus mediasında bu bəyanata istinad edilir. Bildirilir ki, məhz Makronun xahişi və moderatorluğu ilə keçirilən Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bildirib ki, Qarabağ Azərbaycandır. Bununla da, bu məsələ diplomatik müstəvidə həll edilib. Bundan sonra heç bir dövlət Ermənistanın qəbul etdiyi həqiqəti nə mübahisələndirə, nə də inkar edə bilər”.    

K.Cəfərovun sözlərinə görə, istisna deyil ki, Fransa və Ermənistan Praqa görüşündən tamamilə başqa nəticələr əldə etmək istəyirdi: 

“Ancaq Prezident İlham Əliyev 5 saat davam edən danışıqlarda Fransa Prezidenti Makronun əli ilə Ermənistanı diplomatik müstəvidə məğlub edib. Erməni xalqı bu məğlubiyyəti Makrona bağışlaya bilmir, Makron da özünü bağışlaya bilmir. Onu incidən də məhz budur.  

Hətta Ermənistanda müxalifət Paşinyana açıq çağırış edir ki, Praqa bəyanatından imtina et. Ancaq artıq məsələ bitib. 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağın hər nöqtəsində öz suverenliyini bərpa edib. 

Prezident İlham Əliyev xalqa sonuncu müraciətində Fransa da daxil olmaqla, regiondan məkrli məqsədlər üçün istifadə etmək istəyənlərə bir daha açıq xəbərdarlıq etdi ki, dəmir yumruq yerindədir. Bu günün reallığı göstərir ki, Qafqazda real və praktiki sülhə məhz İlham Əliyev nail olacaq”.
 
Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 noyabr 2024, 22:10
Top