Ermənistanın siyasi riyakarlığı: “Vaxtilə özünün heçə saydığı beynəlxalq qurumdan indi imdad diləyir”

GÜNDƏM 21 sentyabr 2023, 16:00
Paşinyanla Makron Azərbaycanın antiterror tədbirlərindən sonra Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. Fransa prezidenti bildirib ki, ölkəsi vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bundan əvvəlki “təcili iclas” Ermənistan və havadarlarının məğlubiyyəti ilə bitdi. 

Azərbaycanın öz ərazilərində konstitusion hüququnu bərpa etdiyi bir vaxtda Ermənistan – Fransa ikilisinin növbəti “təcili iclas” təşəbbüsünə münasibət bildirən politoloq Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, BMT-də bu məsələnin müzakirə edilməsi qanunsuzdur:

“Təssüf ki, BMT Ermənistanın bu cür çirkin cəhdləri üçün oyuncağa çevrilib. Azərbaycan öz qanuni ərazilərində antiterror tədbirləri həyata keçirir, buna görə BMT tribunasını manipulyasiya alətinə çevirmək əsla qəbul edilən deyil. 

Hesab edirəm ki, Ermənistanın bu çirkin şoularına qarşı ciddi addımlar atılmalıdır. Fransa BMT TŞ-na bu məsələni çıxara bilər, daha əvvəl də etdiyi kimi. Lakin TŞ-nın qeyri-daimi üzvləri arasında Azərbaycana strateji partnyor və dost olan ölkələr var. Onlar da Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı keçirdiyi tədbirləri manipulyasiya edən, bunun əleyhinə hansısa kampaniyalar aparmaq istəyən qüvvələrin çirkin niyyətlərini yerindəcə boğacaqlar. 

Fikrimcə, bu məsələdə Ermənistan və Fransa Azərbaycan əleyhinə ümid etdikləri sanksiya və ya siyasi embarqolarla bağlı qərarların verilməyinə nail ola bilməyəcəklər. BMT TŞ-nın Qarabağla bağlı qətnamələrini Ermənistan özü 30 il ərzində yerinə yetirmədi. Bu da növbəti siyasi riyakarlıq nümunəsidir ki, özünün heçə saydığı beynəlxalq qurumdan imdad diləyir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top