Ekspert: “Son vaxtlar ölkədə taksi xidmətinə müdaxilələr olur”

SOSİAL 24 iyl 2023, 16:55
Bu gündən “Bolt”, “Uber”, “Yango” taksi xidmətlərində qiymətlər iki dəfədən çox artıb.

Demokrat.az
-ın araşdırmasına görə, əvvəllər şəhərdaxili ərazilərdə 1-1,1 kilometrlik məsafəyə 1,2-1,3 manat gediş haqqı hesablayan şirkətlər bu qiyməti 2,25-2,60 manata kimi artırıblar.

Qiymət artımının səbəbləri barədə danışan nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, son vaxtlar ölkədə taksi xidmətinə müdaxilələr olur. 

O, Demokrat.az-a açıqlamasında bildirib ki, ucuz taksi xidməti hansısa digər xidmət sektorlarının və ya onların arxasında dayanan zümrənin maraqlarına uyğun gəlmir:

“Daha çox sərnişin axını “Bolt”, “Uber”, “Yango” kimi ucuz taksi şirkətlərinə yönəlirdi. Bu da eyni sahədə rəqabət aparan digər şirkətlərin narazılığına səbəb olurdu. Düşünürəm ki, burada inhisarçı qüvvələrin payı var. 

Tarif müəyyənləşdirmək hər bir özəl şirkətin hüququdur. Qiymətlərini istədikləri kimi azaldıb, artıra bilərlər. Hər hansı bir qanunsuzluqdan söhbət gedə bilməz. Lakin təbii ki, bu, istehlakçı maraqları ilə düz gəlmir. Çünki qiymətləri birdən-birə iki dəfə artırmaq olmaz. Mən bunu taksi şirkətləri tərəfindən monopolist inhisarçı qüvvələrə edilmiş bir jest kimi dəyərləndirirəm. Onlar öz aralarında onsuz  da rəqabət aparırdı, niyə qəfil qiymətləri bu qədər artırdılar? Burada kənar müdaxilə şübhəsizdir”. 



Ekspert qeyd edib ki, taksi şirkətlərinin dövriyyəsi nə qədər az olursa, dövlətə də bir o qədər az vergi ödəyirlər:

“Dövlətin maraqları da nəzərə alınmalıdır. Ölkədə fors-major bir hal yoxdur. Benzinin, dizelin, qazın qiyməti qalxmayıb, əksinə yay aylarında məktəblər, universitetlər bağlı olur, yəni taksilər tıxaclarda gözləməli olmur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin və istehlakçıların hüquqları ilə bağlı qurumların taksilərdə qiymət artımına müdaxilə etmək kimi bir səlahiyyəti yoxdur. 

Əgər Tarif Şurası ölkə üzrə taksilərdə hər kilometrə görə qiymət müəyyənləşdirsəydi və taksometr qoysaydı, o zaman dövlət müdaxiləsindən söhbət gedə bilərdi. Hər bir özəl şirkət öz maliyyə siyasətini qurmaqda avtonom hüquqa malikdir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top