Sayalı Sadıqova: "Çoxları Məhəmməd Əmin Rəsulzadəni misal çəkir"

SOSİAL 10 iyul 2023, 15:25
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədr müavini, professor Sayalı Sadıqova Azərbaycanda Məmməd və Mamed adlarının qadağan olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

S.Sadıqova Pravda.az-a müsahibəsində deyib ki, adlar qeydiyyat idarələri tərəfindən verilir, bu məsələyə birbaşa Ədliyyə Nazirliyi baxır.

“Terminologiya Komissiyasında isə yalnız adların yazılış formasına baxılır. Komissiyanın vəzifəsi budur. Terminologiya Komissiyasında heç bir ada qadağa qoyulmur. Komissiyanın buna səlahiyyəti çatmır. Məhəmməd, Məmməd adına nəyə görə qadağa qoysunlar? İndiyə qədər nəsil-kökdə nə qədər Məmmədlər olub. Buna qadağa qoymaq olar? Komissiyaya tez-tez Məhəmməd, Mamed, Məmməd sözlərinin yazılış formaları daxil olurdu. Məsələn, Muhamməd, Məhəmməd, Mamed, Məmməd... O zaman forma müəyyənləşdirildi ki, Məhəmməd, Məmməd formasında yazılmalıdır. Adların sabit yazılış qaydaları formalaşıb. Axı adlara qadağa qoyulmur. Bu nə deməkdir? Bu, sadəcə olaraq, xalqı səhv yola gətirmək, çaşdırmaqdır. Ədəbi dilimizi birgə qorumalıyıq. Müxtəlif şantajlarla bizim üzərimizə, jurnalistlərin üzərinə hücuma keçirlər. Yanlış məlumatlar nəyə görə yayılmalıdır? Terminologiya Komissiyası 40 il müddətində nə qədər işlər görüb. Camaatı aldadırlar ki, guya biz Məhəmməd, Məmməd sözlərinə qadağa qoyuruq. Çoxları da Məhəmməd Əmin Rəsulzadəni misal çəkir. Məhəmməd Əmin Rəsulzadənin adının yazılış formasını arxivlərə uyğun olaraq bəziləri Məhəmməd, bəziləri Məmməd kimi yazır. Rəsulzadənin əlyazmaları əsasında tapdılar ki, o, Məhəmməd Əmin formasında yazıb. Müəyyən adlar vahid qaydada yazılmalıdır. Biz vahid qayda uğrunda vuruşuruq. Adlara qadağa qoymağa bizim ixtiyarımız yoxdur. Texnologiya Komissiyası yayılan məlumatları təkzib edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top