Azərbaycan vətəndaş cəmiyyəti özünün yeni inkişaf mərhələsindədir — RƏYLƏR

GÜNDƏM 10 iyn 2023, 15:36
Yaşadığımız mürəkkəb, gərgin olaylarla zəngin olan dünyada proseslər sürətlə bir-birini əvəzləyir. Heç şübhəsiz, bu əvəzləmələr fonunda bəşəriyyətin müasir düzəninə uyğun olaraq yeni meyarlar, dəyərlər və prinsiplər ortaya çıxır. Lakin bütün bu sadalananlara rəğmən həm insanlar, həm də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını hər zaman qoruyub saxlayır. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu prosesində ciddi uğurlara nail olunub desək, yəqin ki, yanılmarıq. İndiyədək həyata keçirilmiş islahatların nəticəsi olaraq artıq hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü iştirak edir. Qeyd edək ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratdı.



“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, qanunun aliliyi ədalətli və ədalətli cəmiyyətin təməl daşı kimi xidmət edir. Onun sözlərinə görə, qanunun aliliyi qanunların bütün fərdlərə ardıcıl və ədalətli şəkildə tətbiq olunmasını təmin edir: 



“Sosial statusundan asılı olmayaraq heç kimin qanundan üstün olmadığı bir sistemi təmsil edir. Habelə, hüquqi dövlət mübahisələrin qərəzsiz, üstünlük və ayrı-seçkilik olmadan həll olunduğu bir çərçivə yaradır. Bundan əlavə, qanunun aliliyi sabitliyi, proqnozlaşdırıla bilənliyi və fərdi hüquqların müdafiəsini təmin edir, iqtisadi artım, sosial tərəqqi və şəxsi inkişaf üçün əlverişli mühit yaradır. Hüquqi dövlət fərdi hüquq və azadlıqların qorunmasını təmin edir. Həmçinin, dövlət və həmvətənlər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısını alır. Sirr deyil ki, bu gün ölkəmizdə vətəndaşlar əmlaklarının, şəxsi toxunulmazlıqlarının və şəxsi azadlıqlarının qorunacağına əmindirlər”.




Ekspertin sözlərinə görə, qanunun aliliyi və vətəndaş cəmiyyəti daim bir-birini şərtləndirirlər. Çünki hər ikisi demokratik dəyərlərin qorunmasında və hesabatlılığın təmin edilməsində həlledici rol oynayır.



“Bildiyimiz kimi, bu gün vətəndaş cəmiyyəti təşkilatları vətəndaşlarla dövlət arasında körpü rolunu oynayır. Onlar qanunun aliliyini müdafiə edir, insan haqlarını təbliğ edir və hökumətin fəaliyyətinə nəzarət edir. Öz növbəsində qanunun aliliyi vətəndaş cəmiyyəti təşkilatlarının muxtariyyət və azadlığını qoruyur, onların müstəqil və səmərəli fəaliyyət göstərməsinə şərait yaradır. Azərbaycan vətəndaş cəmiyyəti, QHT sektoru xüsusən həssas qrupların hüquqlarının qorunması, Ermənistanın işğalı nəticəsində doğma yurdundan qaçqın və məcburi köçkün düşən bir milyon soyadışımızın hüquqlarının qorunması üçün həm ölkə daxilində, həm də xaricində böyük səylər göstərdi. Bu təşəbbüslər Azərbaycanın işğal olunmuş torpaqlarının azad etmək hüququnun reallaşdırmasına, beynəlxalq birliyin anlayışla yanaşmasının təmələni qoymuş oldu. Bütün platformalarda Azərbaycan QHT-ləri qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, onlara təzminat verilməsi, erməni təcavüzünün tanınması məsələlərini qaldıraraq ölkəmizin mövqelərinin möhkəmləndirilməsinə mühüm rol oynadılar”.



Təbii ki, Azərbaycana qarşı törədilmiş ekoloji cinayətlər, talançılıq, yerüstü və yeraltı sərvətlərin qanunsuz istismarı, bəşəriyyət əleyhinə cinayətlər, soyqırım cinayəti barədə beynəlxalq təşkilatları məlumatlandırma erməni işğalına hüquqi qiymət verilməsinə real zəminlər yaratdı. 44 günlük Vətən Müharibəsi dövründə vətəndaş cəmiyyəti, QHT sektoru var gücü, bütün imkanları ilə Azərbaycanın BMT qətnamələri icra etdiyini, beynəlxalq hüquq normalarını pozmadığını, beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsinə uyğun olaraq öz ərazilərini işğaldan azad etmək hüququnu reallaşdırdığına inandırmaqda əhəmiyyətli fəaliyyətlər həyata keçirdi. Həmçinin, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda konstitusion hüquq və azadlıqlarının qorunacağı, bunu təmin edən təkmil qanunvericilik bazasının olduğunu bütün dünyanın diqqətinə çatdırdılar və müvafiq müsbət yanaşmaya nail olunmasında mühüm rol aldılar”, - deyə ekspert qeyd edib. 
Z.İbrahimli diqqətə çatdırıb ki, postmüharibə dövrü bütün sahələrdə olduğu kimi hüquqi dövlət quruculuğu sahəsində də yeni vəzifələr müəyyən edir:



“İlk növbədə hüquqi maarifləndirmənin və onun gücləndirilməsi, vətəndaşların öz hüquq və vəzifələrini dərk etmələri üçün səylər göstərilməlidir. Qanunun aliliyinin səmərəli həyata keçirilməsini təmin edən mexanizmlər təkmilləşdirilməlidir. Bundan əlavə, ictimai kampaniyalar və maarifləndirmə proqramları vasitəsilə qanunun aliliyinə hörmət mədəniyyətinin təşviqi və hüquq normalarına riayət etməyi aşılamaq mühümdür. Bundan əlavə, mübahisələrin alternativ həlli mexanizmləri və sadələşdirilmiş məhkəmə prosedurları daha da təkmilləşdirilməlidir. Qanunvericilik bazasının təkmilləşdirilməsi ardıcıl olmalıdır, məhkəmə sisteminin müstəqilliyi, ədalət mühakiməsinin səmərəliliyi artırılmalıdır. Vətəndaş cəmiyyəti araşdırmalar, monitorinqlər, təkliflər verməlidir. Həmçinin, maarifləndirmə və təşviqatla bu fəaliyyətlərə ciddi dəstək verməli, müvafiq dövlət institutlarını cavabdeh saxlamalıdır”.



Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, dövlətlər yarandıqdan sonra format olaraq əsas insan faktorunun üzərində qurulmuş bir sistemdir:



“Dövlətçiliyin əsas məqsədi insanların firavan yaşaması, dövlətin tannması, inkişaf etdirilməsi kimi missiyaları özündə ehtiva edir. Dövlət quruculuğu anlayışında daha çox hüquqi faktorlar nəzərə alınır. Vətəndaş cəmiyyəti qanunları yüksək səviyyədə işləyən dövlətlərdə çox sürətlə inkişaf edir. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə təbii ki, çətin yollardan keçməli oldu. Sirr deyil ki, hər bir dövlət özünün vətəndaşı, xalqı üçün çalışır. Ümumiyyətlə, Azərbaycan hüquqi dövlət anlayışı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki hakimiyyəti gəldiyi ilk vaxtlardan hüquqi dövlət quruluşunun möhkəmləndirilməsi, onun inkişaf etdirilməsi Heydər Əliyevin rəsmi missiyasından biridir. Cənab İlham Əliyev də bu missiyanı çox uğurla davam etdirdi. Ən əsası ölkədə vətəndaş həmrəyliyi, vətəndaş birliyi, dövlət və vətəndaş arasındakı münasibətləri yüksək səviyyədə formalaşdırılması prosesini uğurla həyata keçirdi. Biz bütün bunlara 44 günlük Vətən Müharibəsində şahid olduq”.


Deputat bildirib ki, Azərbaycan xalqı lazım olan halda bir yumruq halında Prezidentimizlə sıx birləşməyi bacardı:



“4 günlük Vətən Müharibəsində kiçikdən böyüyə kimi hər bir kəsin cənab Prezidentimizin yanında olduğunu və düşmənə qarşı necə birgə mübarizə apardığının şahidi olduq. Ölkəmizdə din, dil, siyasi baxış fərq etmədən hər bir insan birləşərək, hətta canını belə torpağı uğrunda verməyə hazır olduğunu göstərdi və biz şanlı qələbəmizi qazandıq. Təbii ki, bütün bunlar vətəndaşın öz məsuliyyətini dərk etməsinə və ölkənin mənafeyi üçün yumruq halında birləşməsini göstərir. Bu gün Azərbaycan həm regionda, həm də qlobal anlamda hüquqi dövlət quruculuğu sahəsində iri addımlarla inkişaf edən dövlətdir. Ölkəmiz istər Şərq-Qərb platformasında, istərsə də, Avropa-Asiya kimi dünyada nüfuzlu dövlətlər sırasına daxil olub. Azərbaycan dövləti bu gün uğurla Qoşulmama Hərəkatına rəhbərlik edir. Dünya miqyasında qərarların verilməsində fəal iştirakçı rolundadır. Bütün bunlar təbii ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin birgə fikirdə olması, qərarın bir verilməsi, dövlət başçısının bu məsələlərdə xalqına arxalanması, xalqın da öz liderinin yanında olduğu göstərir. Təbii ki, bütün bu birlik və vəhdət bugünkü Azərbaycanın reallığıdır”.



“Bu gün biz dünyada sözü, çəkisi olan Azərbaycan görməkdəyik. O Azərbaycan ki, biz 28 il beynəlxalq hüququn işləməsini gözlədik. Çox təəssüf ki, bu, baş vermədi və Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun gücü ilə  beynəlxalq hüququn ədalətini bərpa etdik. Artıq dünyada güclərin yeri dəyişir. Azərbaycan da bu sahədə özünəməxsus milli, müstəqil və ləyaqətli siyasət yürüdərək hər gün yeni addımlarla irəliləməyə başlayır” – deyə, deputat bildirib.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu"


Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top