Politoloq: "Azərbaycan-İran münasibətlərinin gərginləşməsinin əsas səbəbkarı Tehran rejimidir"

GÜNDƏM 05 iyn 2023, 16:06
Ötən gün Azərbaycandan İrana bütün uçuşların təxirə salınması ilə bağlı xəbərlər yayıldı. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı isə Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı yayılan xəbərləri təkzib etdi. Sözügedən hava limanının rəsmiləri İrana uçuşların adi qaydada həyata keçirildiyini bildirib. 

Qeyd edək ki, bundan öncə də bəzi İran KİV-ləri Azərbaycandan İrana uçuşların ləğv olunduğunu iddia etmişdilər. 

Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsinin əsas səbəbkarı elə Tehran rejimidir. 

Onun sözlərinə görə, münasibətlərin normallaşmasında, maneələrin aradan qalxmasında İran tərəfi heç də maraqlı görünmür:

"Azərbaycanla münasibətlərin pozulmasını yaradan da məhz İran hakimiyyətidir. Bakı-Tehran hava yolunun bağlanması kimi məsələlərdə də üçüncü qüvvəni axtarmaq məntiqi görünmür. 

Azərbaycanın İrandakı səfirliyinə edilən hücumda, yaxud  44 günlük Vətən müharibəsindən Ermənistan edilən yardımlarda da xarici qüvvənin əli olmayıb. 

Azərbaycana qarşı bütün addımları İran hakimiyyəti 3-cü qüvvənin rolu olmadan atıb. Tehran rejimi bu addımları maraqlarını təmin etmək üçün atdığını iddia edir. Deməli, Azərbaycanla münasibətləri pozmaq İrandakı rejimin maraqlarına uyğundur".

Politoloq əlavə edib ki, Güney Azərbaycan türklərinin milli haqlarının tapdanmasında heç bir xarici qüvvənin əli yoxdur: 

"İran-Azərbaycan münasibətlərinin korlanmasının, gərginləşməsinin və pisləşməsinin səbəbi kənarda deyil. Bunu Tehran rejiminin yalnız özündə axtarmaq lazımdır. Bu cür xoşagəlməz məlumatların yayılmasında da rəsmi Bakını günahkar etmək üçün sadəcə İran rejimi maraqlı tərəf ola bilər".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top