Sahil zolağı tullantılardan təmizlənib — FOTOLAR

SOSİAL 27 may 2023, 16:54
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, idmançıların, ekokönüllülərin iştirakı ilə bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik aksiyaları keçirilib.

Demokrat.az
xəbər verir ki, aksiyalar zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, toplanmış tullantılar toplanaraq daşınıb.

Təmizlik aksiyasında iştirak edən  Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu cür aksiyaların keçirilməsində  məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti  bu sahədə mübarizəyə cəlb etməkdir.



"Bu gün Zirədə keçirilən təmizlik aksiyasında iştirak etməklə böyük bir ərazini təmizlədik, eyni zamanda cəmiyyətimizə bir mesaj da göndərmiş olduq.  Xəzər sahilinə, çay kənarına, təbiət ərazisinə gələn hər kəs düşünməlidir ki, ondan sonra da kimsə həmin məkana üz tutacaq. İstərdik ki, vətəndaşlar bu məsələyə həssaslıq göstərsinlər, istirahət etməyə gələndə tullantılarını ərazidə qoyub getməsinlər. İnanırıq ki, çağırışlarımız öz müsbət nəticəsini verəcək". 

Gənclər və idman naziri Fərid Qayıbov isə belə aksiyaların gənclərin maariflənməsində mühüm əhəmiyyət daşıdığını bildirib: 

"İdmançılarımız bu dəfə fərqli bir sahədə çıxış edərək vətənimizə fayda verdilər. Biz hər zaman bu cür ekoloji kampaniyalarda aktiv iştiraka hazırıq. Lakin biz istəyirik ki, belə aksiyalara ehtiyac olmasın, vətəndaşlar daha məsuliyyətli və diqqətli davranış nümayiş etdirsin. Ümid edirik ki, insanların təbiətə laqeyd və etinasız münasibəti dəyişəcək, yerini sevgi və qayğı tutacaq". 



Aksiyada iştirak edən İkiqat Paralimpiya çempionu İlham Zəkiyev də öz təəssüratlarını bölüşərək bildirib ki, bu onların  vətəndaşlıq borcudur.

 “Təbiətə sevgi ilə yanaşmaq hansı vəzifədə, hansı sahədə çalışmağımızdan asılı olmamalıdır. Biz, idmançılar olaraq hər kəsi təbiəti çirkləndirməməyə, ona qarşı biganə olmamağa çağırırıq". 

Aksiya iştirakçısı cüdoçu Vüsalə Hacıyevanın sözlərinə görə, dəniz sahillərində tullantıların yaratdığı xoşagəlməz mənzərə dənizin gözəlliyini tullantıların kölgəsində qoyur. 
“Bugünkü aksiyada çoxlu plastik butulka, polietilen torba topladıq. Həmin tullantıların təbiətə mənfi təsirləri barəsində də məlumatlıyıq. Bu səbəbdən həm sağlamlığımız, həm istirahətimiz, həm də təbiətimiz  üçün əraziləri çirkləndirməyək”. 



Aksiyada iştirak edən digər qonaqlar da böyük həvəslə bu aksiyada iştirak etdiklərini, istirahətdən zövq almaq üçün ətrafın təmiz olmasının vacibliyini vurğulayıblar və insanları təbiətdə olarkən təmizliyə riayət etməyə, tullantıları həmin ərazilərdə tərk etməməyə çağırıblar. 

Aksiyadan sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər. 

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.









Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top