Deputat: Əfv Prezidentin xalqına Ulu Öndərin 100 illiyi ilə bağlı hədiyyəsidir

GÜNDƏM 08 may 2023, 14:45
Azərbaycan tarixinin ən böyük əfv aktının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasının rəmzi mənası var. Çünki Heydər Əliyev daxilən humanist insan olub.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.

Deputat deyib ki, 1993-cü ildə Heydər Əliyev bir tərəfdən ictimai siyasi sabitliyi bərpa edir, qanunsuz silahlı birləşmələrə mübarizə aparır, dövlət çevrilişlərinin qarşısını alır, digər tərəfdən isə humanist siyasətini davam etdirir, əfv sərəncamları imzalayırdı: “1993-cü ildə İsa Qəmbər ölüm cəzalarını qanunsuz olaraq icra edəndə, Heydər Əliyev hətta ona qarşı terror aktını törədən şəxsləri əfv edirdi. Çünki o, daxilən humanist insan idi. Bütün hallarda onun məqsədi vətəndaş həmrəyliyinə nail olmaq idi. Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu Azərbaycan xalqının hüquqlarını müdafiə edib. Onun Sovet Azərbaycanına rəhbərliyi və Sovetlər İttifaqının rəhbərliyində təmsil olunduğu dövrdə bir qarış torpaq belə itirməmişik, erməni milliyətçiliyinə, separatizmə qarşı effektiv mübarizə aparılıb”.

Kamal Cəfərov qeyd edib ki, məhz Heydər Əliyev 1987-ci ildə Sovet rəhbərliyindən ədalətsizcəsinə kənarlaşdırılandan sonra Azərbaycan xalqının hüquqları kütləvi formada pozulmağa başladı: “Yalnız onun Kremldən təcrid olunmasından iki həftə sonra Qərbdə erməni lobbisi və Qarabağda erməni separatizmi baş qaldıra bildi. Məhz Heydər Əliyev hakimiyyətdə təmsil olunmadığı üçün Ermənistan və Qorbaçov Qərbi Azərbaycandan soydaşlarımız deportasiya edə bildi, Sumqayıtda təxribatlar törətdilər. Məhz Heydər Əliyev hakimiyyətdə olmadığına görə Azərbaycan xalqının başına 20 Yanvar faciəsi gətirilə bildi. Bu faciədən sonra xalqı qoruya bilməyən o zamankı Azərbaycan hakimiyyəti və Xalq Cəbhəsi fəalları qaçıb gizlənəndə, Heydər Əliyev heç nədən qorxmadan, SSRİ-nin mərkəzində - Moskvada Azərbaycan xalqının hüquqları qorudu və haqq səsini dünyaya çatdırdı. Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixində verdiyi bəyanatı Azərbaycan xalqını ruhlandırdı, meydanlarda baş verən xaotik mitinqləri Xalq Hərəkatı formatına çevirdi. Təəssüf ki, 1987-1993-cü illər Azərbaycan xalqının haqları bir tək işğalçı Ermənistan tərəfindən yox, o zaman hakimiyyəti zəbt etmiş qaragüruh tərəfindən pozulurdu. Ona görə də Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində hakimiyyətə qayıdışı ilə həm də xalqımızın fundamental hüquqları qorunmağa başladı. 1994-cü ildə, 1995-ci ildə dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələrə son qoyuldu. Nəhayət, 1995-ci il Konstitusiyası ilə Azərbaycanın gələcək inkişafı qətiyyətlə müəyyən edildi. Bu gün isə tariximizin ən böyük əfv sərəncamının imzalanması cəmiyyətdə, respublikada böyük sevincə, şadyanalığa səbəb olub. Əfv sərəncamına düşən hər bir şəxsi və ailə üzvlərini təbrik edirəm. Bu, Prezident İlham Əliyevin Azərbaycan xalqına Ulu Öndərin 100 illiyi ilə bağlı hədiyyəsidir".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 noyabr 2024, 22:10
Top