Akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin XVI cildi nəşr olundu

ƏDƏBİYYAT 19 apr 2023, 23:32
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin XVI cildi nəşr olunub.

Demlokrat.az xəbər verir ki, Azərbaycan Tarixçiləri İctimai Birliyindən verilən məlumata görə, yeni nəşrə Yaqub Mahmudovun 2018-2022-ci illərdə yerli və xarici mətbuatda dərc olunmuş məqalələri, müsahibələri, açıqlamaları, bəyanatları və digər materiallar daxil edilib.

“Seçilmiş əsərlər”in XVI cildindəki 184 yazı Azərbaycan Xalq Cümhuriyyətinə, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tarixi xidmətlərinə, Qarabağ Zəfərinə, erməni yalanlarının ifşasına, qədim Azərbaycan-Albaniya mirasına, Əmir Teymura, İmadəddin Nəsimiyə, Nadir şah Əfşara, İrəvan xanlığına və digər aktual mövzulara həsr olunub. Bu materiallar kitabda dillərə görə xronoloji ardıcıllıqla sistemləşdirilib.

XVI cilddə yazılır ki, akademik 1000-dən çox elmi əsərin müəllifidir. O, diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 70 nəfər fəlsəfə və elmlər doktoru yetişib.

Qeyd edək ki, 648 səhifəlik kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva, tərtibçiləri tədqiqatçılar Nazim Xəlilov, Sevinc Məlikzadə və Elnur Nəciyev, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

Xatırladaq ki, 2013-cü ilə qədər olan elektron resurslar tarixçi-alimin “Seçilmiş əsərləri”nin XIV cildinə, 2014-2017-ci illərə dair materiallar isə XV cildə daxil edilib.//Azertag

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top