“Azərbaycan ordusunun bu əməliyyatlarının legitimliyi şübhə altına alına bilməz” — RƏY

HƏRBİ 01 apr 2023, 11:29
“Azərbaycanın Ermənistanla sərhədin bəlli hissələrində yeni mövqelər təşkil etməsi, tamamilə əsaslıdır”.

Bu fikirləri Azərbaycan ordusunun Ermənistanla sərhəd ərazilərdə həyata keçirdiyi son tədbirləri dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tədbirlər Ermənistanın törədə biləcəyi yeni təxribatların qarşısının alıması üçün vacib idi:

“Azərbaycan ordusunun həyata keçirdiyi son əməliyyatlar nəticəsində bir sıra əlverişli mövqelərin nəzarətə götürülməsi Rusiya sülhməramlı kontingentinin dəstəyi ilə Ermənistandan separatçılara göndərilən hərbi xarakterli yüklərin daşınmasının qarşısının alınması baxımından, böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda yeni Laçın yolunun aprelin 1-də istifadəyə verilməli olduğunu nəzərə alsaq, bu əməliyyatların qanunauyğunluğu da mütləq vurğulanmalıdır. Yəni heç kim bu əməliyyatlara görə Azərbaycanı ittiham edə bilməz.

Doğrudur, Fransa və bəzi başqa Avropa ölkələrində bununla bağlı reaksiyalar verilir, həmçinin KTMT-dən müəyyən mövqe bildirilir, ancaq bu yanaşmalar heç bir halda Azərbaycanın o ərazilər üzərində suverenliyini şübhə altına almaq imkanında deyil.

O baxımdan, hesab edirəm ki, Azərbaycanın Ermənistanla sərhədin bəlli hissələrində yeni mövqelər təşkil etməsi, təhlükəsizliyin artırılması yönündə addımlar atması tamamilə əsaslıdır. Bu tədbirlər Ermənistanın törədə biləcəyi yeni təxribatların qarşısının alınması üçün vacib idi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top