İsraildə Azərbaycan səfirliyinin açılması lobbiçilik işinə hansı töhfələri verəcək? — Azərbaycan diasporu güclənir...

TƏHLİL 31 mar 2023, 15:11
Azərbaycan müstəqillik qazandıqdan sonra dünyada diaspor quruculuğu və lobbiçilik işini təşkil etmək üçün kifayət qədər güc sərf edib. Ölkəmizin diaspor quruculuğu sahəsində əldə etdiyi uğurların müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanı ilə lobbiçiliyin mütəşəkkilləşmə dövrü başlandı. Bu siyasi xətti Prezident İlham Əliyev də əsas götürdü. Lobbiçiliyin həyata keçirilməsi üçün ilk növbədə, xarici dövlətlərdə güclü diasporun formalaşdırılması, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Bununla da tam hüquqi baza yaradıldı.

Əlbəttə ki, Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər...

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, hər bir ölkənin xarici siyasətində diaspora və lobbiçilik çox mühüm yer tutur. 



Millət vəkilinin sözlərinə görə, Azərbaycanda da son illər diaspora təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, lobbiçiliyin təkmilləşdirilməsi sahəsində uğurlu addımlar atılıb:

“Ulu öndərimiz Heydər Əliyev sağlığında dünya azərbaycanlılarının bir araya gəlməsini, onların Azərbaycanın milli mənafelərinə uyğun fəaliyyət göstərməsini və Azərbaycanın tarixinin, mədəniyyətinin, dilinin, dininin, xarici ölkələrdə geniş təbliğ edilməsini vacib hesab edirdi və diaspora təşkilatlarına daimi olaraq öz dəstəyini verirdi. Bu ənənə indi də uğurla davam etdirilir. 

Cənab İlham Əliyevin son illərdə diaspora təşkilatlarına verdiyi dəstək, eləcə də lobbiçiliyin inkişafı ilə əlaqədar gördüyü tədbirlər Azərbaycanın dünyada tanıdılmasına, eləcə də bir məqsəd uğrunda azərbaycanlıların birləşməsinə və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynamışdır. 

Sözsüz ki, əlaqələr genişləndirilir və bu əlaqələrin genişləndirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərini, Azərbaycanın əldə etdiyi nailiyyətləri, bir çox problemləri Azərbaycana qərəzli, yanlış münasibətləri, dünya birliyi ölkələrinə çatdırmaq və onların etimadını qazanmaqdır. 



Heydər Əliyev Fondunun bu sahədə gördüyü tədbirlər əvəzolunmazdır. Bu, çox vacib lobbiçilik tədbirləridir, digər qurumların həyata keçirdikləri tədbirlər də bu sıradandır. Xarici ölkələrdə yaşayan vətəndaşlarla münasibətdə son illər nəinki ölkə rəhbəri, eləcə də bir çox təşkilatlar, ictimai-siyasi qurumlar lazımi tədbirlər həyata keçirməkdədirlər. Bu da bizim xarici siyasətimizdə özünün aydın nəticələrini göstərir”.

Deputat qeyd edib ki, hər bir azərbaycanlı yaşadığı ölkədə tutduğu vəzifədə azərbaycançılıq ideologiyasını, Azərbaycanın mənafelərini daimi gündəmdə saxlamalıdır, nəinki onu təbliğ etməlidir və özünün əməli işi ilə azərbaycanlı olduğunu sübuta yetirməlidir:

“Əlbəttə ki, müəyyən problemlər də mövcuddur. Bu problemlərdən, ən başlıcası hələ də müəyyən ölkələrdə Azərbaycan diasporunun güclü olmaması, eləcə də müəyyən azərbaycanlıların təşkilatlanmasında yol verilən nöqsanlar hələ də xarici siyasətdə müəyyən uğurların qazanmasına imkan vermir. Ancaq bir çox ölkələr var ki, artıq burada güclü Azərbaycan diasporu lobbiçiləri yetişiblər. Buna misal olaraq, İsrail dövlətini nümunə gətirə bilərik ki, bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Sözsüz ki, bu, Azərbaycanda yaşayan yəhudilərin, eləcə də İsraildə yaşayan azərbaycanlıların qarşılıqlı əlaqələrinin bir növ inkişafıdır. Çünki İsraildə yaşayan azərbaycanlılar daimi olaraq yerli əhali ilə təmasdadırlar, eləcə də Azərbaycanda yaşayan dağ yəhudiləri daimi olaraq İsrailin müəyyən təşkilatları, qurumları ilə əlaqə saxlayıb, Azərbaycan haqqında lazım olan məlumatları, baş verən yenilikləri həmin ölkənin vətəndaşlarına çatdırır və onlarla sağlam əlaqələr qururlar”. 



“Digər ölkələrdə də bizim güclü diaspora təşkilatlarımız var. Elə Rusiyanın özündə, qonşu Qazaxıstanda, Özbəkistanda və digər respublikalarda bizim diaspora təşkilatları yaxşı fəaliyyət göstərir. Ancaq bu fəaliyyəti genişləndirmək bu gün üçün çox vacibdir. Çünki Azərbaycana qarşı təpkilər var. Hələ də Azərbaycan həqiqətləri dünyanın bir çox ölkələri tərəfindən geniş dərk olunmur”- deyə, millət vəkili qeyd edib.
 
Siyasi-şərhçi Abutalıb Səmədov isə Demokrat.az-a açıqlamasında bildirib ki, diaspora təşkilatları gənc dövlətlərin inkişafında mühüm əhəmiyyətə malikdir.  


Analitikin sözlərinə görə, bu gün yəhudi diasporası, erməni diasporası öz dövlətləri üçün çox böyük işlər görürlər:

“Onlarla müqayisədə təbiidir ki, Azərbaycan diasporası hələ gəncdir, təzə formalaşmağa başlayıb. Çox təəssüf ki, diaspora quruculuğunun ilk illərində buraxılan səhvlər Azərbaycan diasporasını arzuladığımız səviyyəyə qaldırmağa imkan verməyib. 

Diaspora Komitəsinin bundan əvvəlki rəhbərliyi çox təəssüf ki, son dərəcə yanlış xətt tutdu. Onun buraxdığı səhvlər Azərbaycanı diaspora quruculuğunda xeyli geri saldı. Həmin illərdə Diaspora Komitəsinə rəhbərlik edən insanlardan biri kimi mən bunları gördüm. Dövlət başçısına bu barədə müraciət etdim. “Diaspora Komitəsində diaspora işinin səviyyəsi son dərəcə aşağı səviyyədədir və şəxsi maraqlar çox təəssüf ki, önə çəkilib”, dedim. 

Bir müddətdən sonra Diaspora Komitəsinin rəhbəri vəzifədən azad olundu. Mən də öz ərizəmdən xahiş elədim ki, məni tutduğum vəzifədən azad eləsin. Çünki elə açıq da yazdım ki, burada iş görmək qeyri-mümkündür. Təəssüf ki, çox qiymətli vaxt itirildi”. 



Abutalıb Səmədov əlavə edib ki, indi bu gün itirilmişləri bərpa etmək üçün dəfələrlə artıq enerjiyə və maliyyəyə ehtiyac var:

“Təəssüf ki, o qədər maliyyə ayırmaq imkanı da yoxdur. Çünki Azərbaycanın böyük hissəsi ermənilər tərəfindən darmadağın edilib. O ərazilərin bərpasında bizə çox təəssüf ki, heç kim kömək etmək istəmir və bütövlükdə bu yük Azərbaycan dövlətinin üzərinə düşür. Ancaq aparılan işlər göstərir ki, Diaspora Komitəsinin rəhbərliyi vəziyyəti düzəltməyə çalışır. İndi buna nə qədər nail ola bilər? 

Hər halda İkinci Qarabağ müharibəsi dövründə komitənin uğurlu işləri göründü. 

Ümid edək ki, onlar bu sahədə öz fəaliyyətlərini bundan sonra da gücləndirəcəklər və gücləndirməlidirlər. Əks halda bizim erməni diasporası ilə rəqabət aparmağımız çox çətin olacaq”. 

Siyasi-şərhçi qeyd edib ki, aparıcı ölkələrdə Azərbaycanın diaspora fəaliyyəti daha da gücləndirilməlidir:

“Təkcə insanların fədakarlığı üzərində işi qurmaq qeyri-mümkündür. Mütləq ciddi maliyyə olmalıdır və bu maliyyə əsasında dünyanın hər yerində, ilk növbədə aparıcı dövlətlərdə Azərbaycan diasporasının fəaliyyəti gücləndirilməlidir. Və hamımız əlimizdən gələn köməyi göstərməyə çalışmalıyıq. 

Çox təəssüf ki, dəfələrlə müraciət etməyimə baxmayaraq, bir müddət Diaspora komitəsində rəhbər vəzifədə işlədiyimi nəzərə alıb məsləhətləşmək üçün məni heç vaxt dəvət etməyiblər. Özüm təklif eləmişəm, ancaq təəssüf ki, hələ ki, belə bir məsləhətə ehtiyac hiss eləmirlər və onlara uğurlar arzulamaqdan başqa bizim başqa yolumuz təbii ki, yoxdur. 

Hesab edirəm ki, yaşadığı ölkədən asılı olmayaraq, hər bir azəraycanlı dövlətimizin milli maraqlarını üstün tutmalı və Vətənin inkişafı naminə bacardığını etməlidir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və Dünya Azərbaycanlılarının Həmrəyliyi



Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top