Fazil Mustafaya qarşı terror aktının müəllifinin İran olduğu şübhə doğurmur

GÜNDƏM 30 mar 2023, 21:55
Azərbaycanın uğurları İranın kinini dərinləşdirir

Millət vəkili Fazil Mustafanın evinin qarşısında terror aktına məruz qalmasından dərhal sonra nəzərlərin İrana yönəlməsi heç də səbəbsiz deyil. Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin davam etməsinə baxmayaraq, hadisənin arxasında İranın dayandığını vurğulamaq mümkündür. Təkcə ona görə yox ki, terror deyən kimi ağla gələn məhz İran dövlətidir. Və ya Fazil Mustafa İrana qarşı həmişə həqiqəti çəkinmədən dilə gətirib.

Hadisədən öncə, həmçinin sonra İranın davranışlarına diqqət etmək yetər ki, bu terror aktının sifarişçisinin məhz Tehran olduğu şübhə doğurmasın.

Bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədildi. Ölümlə nəticələnən bu terrorun sifarişçisinin elə hadisənin baş verdiyi ölkə olduğunu isbat etməyə lüzum qalmır. Hadisə ilə bağlı yayılan görüntülər, Tehran polisinin əlini-qolunu sallayaraq terror törədən şəxsə öz çirkin əməlini icra etməyə şərait yaratması ortada başqa ehtimala yer qoymur. Rəsmi Tehranın ona yönələn ittihamlara ən tutarlı cavabı o olardı ki, səfirliyimizə qarşı hücumu dərhal, tam obyektiv araşdırıb günahkarları cəzalandırsın. Amma kifayət qədər zaman ötməsinə rəğmən, bu terrora görə heç kəsin cəzalandırılmaması bir daha isbat edir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır. Bu hadisədən sonra dünyanın yenidən İranı qınaması, terror ölkəsi olmasını bir daha yəqinləşdirməsi rəsmi Tehranı heç narahat da etmir. Əslində öz adı ilə çağırılmaq niyə narahatlıq yaratmalıdır ki...

İranın törətdiyi şübhə doğurmayan bu iki terror aktının ölkəmizin İsraildə səfirlik açması ilə bağlı olması ehtimalı daha inandırıcıdır. Azərbaycan dövlətinin İsrailə səfir təyinatı ilə əlaqədar müvafiq Prezident Sərəncamından bir neçə həftə sonra eyni ayda Tehrandakı səfirliyimizdə ölümlə nəticələnən terror aktı törədildi.

Fazil Mustafaya qarşı hücum isə İsraildə Azərbaycan səfirliyinin rəsmən açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə baş verdi. Göründüyü kimi, hər iki terror aktının zamanı heç də təsadüfi seçilməyib. Bundan əlavə, Fazil Mustafaya qarşı silahlı hücumun Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günü yaşanması da nəzərdən qaçmamlıdır. Görünür, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir. Son vaxtlar xüsusi xidmət orqanlarımızın peşəkarlıqla İranın casuslarını aşkarlayıb həbs etməsini də Tehran həzm edə bilmir.

Sadalanan faktlar heç də belə rəy yaratmamalıdır ki, İran Azərbaycan İsraildə səfirlik açana kimi bizə dost münasibətdə olub. Əsla belə deyil! Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İran üzdə dost görünsə də, ölkəmizə qarşı bütün vasitələrlə çirkin niyyətlərini gerçəkləşdirmək xətti tutub. İran heç vaxt müstəqil, güclü Azərbaycan dövlətinin varlığını qəbul etmək istəməyib. Azərbaycanın üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağını görmək mümkündür. Ölkəmizə qarşı işğalçı siyasət yürüdən, terror aktları törədən Ermənistanla bir cərgədə duran İranın Azərbaycana münasibəti işğalçı dövlətin münasibətindən heç nə ilə fərqlənməyib. İşğal ərəfəsində Ermənistana əl altından hər cür dəstək verən, işğal altında olan toqrpaqlarımızın talanmasında rolu olan, Qarabağda məscidlərimizin dağıdılmasına susan İran olub. Azərbaycanın 44 günlük tarixi Zəfərindən sonra İranın əsl kimliyi bir daha çılpaqlığı ilə ortaya çıxdı. Hər addımda Azərbaycanın qələbəsindən narahatlığını büruzə verən İran tələm-tələsik Qafanda ala-yarımçıq binada konsulluq açdı. İrana məxsus maşınların Ermənistanın silahlı dəstələrinə silah-sursat daşıması barədə görüntülər yayıldı. Bu kimi kifayət qədər faktlar sübut edir ki, İrandakı molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, artan nüfuzu, uğurları fonunda bu kin və nifrət daha da dərinləşərək rejimi terrora əl atmağa sövq edir.

Tarixən də belə olub. Müstəqillik dönəmində İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətli unudulmayıb. Və yaxud Bakıda
“Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror haqqında çoxsaylı səhih məlumatlar var idi.

İran terrorundan təkcə Azərbaycan əziyyət çəkməyib və çəkmir. Faktlara nəzər salsaq, Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələrinin də İranın terrorundan əziyyət çəkdiyini görərik. Təsadüfi deyil ki, ötən əsrin 80-ci illərindən İranın adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasında yer almağa başlayıb. Dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktlarının müəllifi kimi məhz İranın adı vurğulanır. İranın terror qruplarına hər il milyardlarla dollar (bir sıra mənbələrə əsasən 16 milyard dollar) vəsait ödədiyi ilə bağlı faktlar açıqlanıb.

Beləliklə, şübhə yoxdur ki, ölkəmizlə bağlı və ölkəmizdə baş verən son hadisələrin bütün hüquqi sübutları, obyektiv isbatları da geç-tez İran deyəcək !!!

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top