Qusarda oğluna xəsarət yetirən kişinin cinayət işinə XİTAM VERİLDİ

HADİSƏ 23 mar 2023, 18:25
Qusar rayonunda 1974-cü il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində oğlu Eldara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Qusar rayonunun kəndində arvadı, oğlu və qızı ilə birlikdə yaşayır: “Hadisə baş verən günü, təxminən saat 13 radələrində yaşadığım kəndin küçəsindən öz evimə qayıtdım. Soyuducudan spirtli içki olan bir şüşə arağı götürərək təkbaşına içdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onun sərxoş vəziyətdə olduğunu görən həyat yoldaşı əsəbləşib: “Arvadım heç bir yerdə işləmədiyimi, mütəmadi spirtli içkilər qəbul etdiyimi bildirdi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı səs-küyə öz yataq otağından oğlum evin eyvanına çıxdı. Anası ilə niyə mübahisə etdiyimi soruşdu. Mənim üstümə qışqırdı. Bu zaman əsəbiləşərək yumruq zərbəsi ilə oğlumun baş nahiyəsini vurdum. Həmin vaxt orada olan arvadım aramıza girərək bizi sakitləşdirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra yataq otağına keçərək yatmaq üçün uzanıb: “Bir neçə dəqiqə sonra polis əməkdaşları gəldi. Məni və ailə üzvlərimi polis şöbəsinə dəvət etdilər”. Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İlqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

 Fariz Məlikli Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top