Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı oldu — FOTO

İNCƏSƏNƏT 10 mart 2023, 18:00
Martın 10-da görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur.Bu münasibətlə Birinci Fəxri Xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılış mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, mərasimdə Xalq yazıçıları Anar Rzayev, Çingiz Abdullayev, Xalq artisti Rasim Balayev, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Sabir Rüstəmxanlı, Cavanşir Quliyev, Baba Vəziroğlu, Ramiz Həsənoğlu, sənət adamları, yaxınları, ailə üzvləri iştirak ediblər.

Anar Rzayev bildirib ki, Rüstəm İbrahimbəyov dünya şöhrətli sənətkardır: "Bizim böyük, dəyərli sənət, ədəbiyyat və ictimai xadimlərimiz burada dəfn olunublar. Rüstəm İbrahimbəyov da o sıradadır. Rüstəm böyük şəxsiyyət, böyük dəyər idi".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bildirib ki, Rüstəm İbrahimbəyovu fenomen insan kimi dəyərləndirib: "Nə qədər çalışsaq da onun yerini verə bilmirik. Dəyərli məsləhətləri insanlara yol açıb. İbrahimbəyov məktəbi görkəmli sənətkarlar yetişdirib. Yeganə təsəllimiz odur ki, onun əsərləri, filmləri xalqın qəlbində daim yaşayacaq".
Çingiz Abdullayevin sözlərinə görə, Rüstəm İbrahimbəyov yeganə sənətkar idi ki, altı dəfə Dövlət Mükafatına layiq görülmüşdü.

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. O bildirib ki, abidənin hazırlanmasında Rüstəm İbrahimbəyovun ailə üzvləri yaxından iştirak ediblər.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii film və televiziya filmi çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.

Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
Top