“FHN o binalara qarantiya verir, əgər uçsa...” — Seysmoloq

DİGƏR 22 fev 2023, 22:00
“Bakıdakı qəzalı və artırması olan binalara nəzarət etmək icra orqanlarının işinə aiddir. Ancaq Bakı şəhərində doğrudan da elə artırmalar var ki, onlar təkcə zəlzələyə dözümsüzlüklə bərabər, həm də biabırçı bir görkəm yaradırlar. Bu binalar haqqında tədbir görülməlidir. Əgər 5-6 ballıq zəlzələ olsa, bu binaların özü içindəki adamlar qarışıq dağılacaq”.

Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, seysmoloq Ənvər Əliyev deyib.

O, fevralın 6-da Türkiyədə baş verən 7.6 bal gücündəki dağıdıcı zəlzələdən sonra Bakıdakı binaların vəziyyətindən, habelə köhnə sovet tikililərindəki artırmalardan söz açıb.



Ə. Əliyev təklif edib ki, o artırmanı edən adamlar ya öz xoşlarıyla hamısını söküb təhvil versinlər, ya da icra orqanlarının əliylə sökülsün:

“Çünki bu adam təkcə özü üçün yox, eləcə də aşağıda yaşayanlar üçün də problemlər yaradır. Bakıda elə binalarda elə balkonlar var ki, o binaların artıq özləri belə söküləsidir. Ona görə də bu şeydə diqqətli olmaq lazımdır.

İkincisi, Bakı şəhərində çoxlu miqarda binalar var ki, onların dayaq nöqtələrinə toxunulub, bəzilərinin vaxtı keçib, keçməsə belə təmir olunmadığına görə, tamamilə sıradan çıxıb. Məsələn, vaxtilə SSRİ rəhbəri Nikita Xruşşovun tikdirdiyi “Xruşşovka” mənzillər cəmi 30 illik nəzərdə tutulmuşdu. Çünki Xruşşovun dövründə Misirdə Əsvan bəndi tikilirdi və bu binalar orada fəhlələr üçün tikilmişdi. Bu ad da oradan qalıb. Sonradan isə əhali sürətlə artmağa başladı və bu fəhlələri təcili gətirib başladılar Bakıda, İrəvanda, Tbilisi də və digər yerlərlə “Xruşşovka”lar tikməyə”.

“Bu evlərin ömrü az qala bu gün-sabah 70 ili keçir. Ona görə də bu məsələlərdə diqqətli olmaq lazımdır. Əgər o evləri bu gün söksələr, Bakıdakı təhlükələr azalar. Mən, həmçinin, Bakıda 10-12 mərtəbədən yuxarı binanın tikilməyinin tərəfdarı deyiləm. Bu, təkcə zəlzələ məsələsi deyil, burada binaya qulluq, liftlər, balkonlar və digər problemli məsələlər də var. Yaxşı olar ki, bizdə 10-12 mərtəbəli binalar tikilsin və ən azı 9 bala tab gətirə biləcək gücdə hesablansın”, – seysmoloq əlavə edib.

O iddia edib ki, zirzəmisindən başlamış ta damına qədər bu tip binaların hamısı biabırçı vəziyyətdədir:

“Ona görə də bu məsələyə ciddiyətlə yanaşmaq lazımdır. Dayaqları zəifləmiş, artırmaları biabırçı vəziyyətdə olanlar, ara divarları sökülənlər və s. bu kimi binalarla bağlı ciddi siyahıyaalma getməli və onlarla bağlı monitorinq aparılmalıdır. Çünki eləsi var ki, birbalaca silkələnmə olsa, yıxılacaq. Ona görə də bu binaların dözümlülüyünün qrafikası ilə bağlı təftiş işləri aparılmalıdır”

“Təzə binalara gəldikdə isə onların qarantiyaları var. Eləcə də 2005-ci ildən üzü bəri FHN o binalara qarantiya verir. Əgər bu uçsa, həmin binanı tikən MTK-dan tutmuş, buna rəy verən FHN əməkdaşlarına qədər hamı məsuliyyət daşıyacaq”, – Ə.Əliyev sözlərini yekunlaşdırıb.//yenisabah.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top