Biləsuvarda yolkənarı səkilər bərbad vəziyyətə düşüb — FOTO

İNFRASTRUKTUR 05 fev 2023, 16:25

Biləsuvarda Heydər Əliyev prospektinin səkiləri və istinad divarları bərbad vəziyyətdədir.

Demokrat.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, prospektin bəzi hissələrində yol boyu inşa edilmiş səkilər yararsız hala düşüb. Buna isə səkilərin üzərində daş örtüklərinin bəzilərinin sınması, bəzilərinin isə tamamilə yoxa çıxması səbəb olub.

Bu da piyadaların hərəkətinə maneələr yaradıb. Xüsusən, yağışlı havada səkilər üzərində hərəkət piyadaların narahatlığına səbəb olub.

Sakinlər deyir ki, yağış yağanda palçıq olduğu üçün asfalt yolla hərəkət etməyə məcbur olurlar. Bu da yoldan istifadə edən yüzlərlə məktəblinin həyatını təhlükəyə atır.

Onların sözlərinə görə, həmçinin prospekt boyunca bəzi hissələrdə istinad divarları da hər an uçmaq təhlükəsi ilə üzləşib.

Buna görə də rayon əhalisi aidiyyəti qurumlardan səkiləri və istinad divarlarını bərpa etmələrini xahiş ediblər.

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, artıq səkilərin təmiri işlərinə başlanılıb.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər hazırda davam etdirilir.

Həmçinin qeyd edilib ki, istinad divarları da söküləcək və fərqli formada yeniləri inşa olunacaq.//report






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top