Güneyli politoloq: "Səfirlikdə törədilmiş terror aktının arxasında İran və Ermənistanın işbirliyi var"

GÜNDƏM 31 yan 2023, 18:05
"İran 1979-cu ildən günümüzə qədər bir çox ölkələrin səfirliklərinə, diplomatik nümayəndəliklərinə fərqli formalarda hücumlar təşkil edib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Güney Azərbaycandan olan politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgəri deyib.

Onun sözlərinə görə, ABŞ, Küveyt, Pakistan, İngiltərə kimi ölkələrin hər birinin diplomatik nümayəndəlikləri İrana yaxın terrorçu qruplar tərəfindən hücuma məruz qalıb:

"Bir neçə gün öncə Tehrandakı Azərbaycan Səfirliyinə olan bu silahlı hücum isə tamamilə fərqli idi. Yəni, Səfirliyə edilən hücumdan görünür ki, bu, İrandakı bəlli qüvvələr tərəfindən planlaşmış terror aktıdır. 

Yaxşı bilirik ki, 44 günlük Vətən savaşından sonra İranın Azərbaycana qarşı siyasətində ciddi dəyişiklik baş verib. Bunun da başlıca səbəbi odur ki, İran Azərbaycanın Qarabağdakı uğurlarını görmək istəmir və bu, İrandakı molla rejimini dərindən narahat edir. Amma İranın ağılı olsaydı, belə etməzdi. Çünki dünyada yaşayan azərbaycanlıların böyük hissəsi məhz İrandadır. Bu da İranı ciddi şəkildə qorxuya salıb".

Kərim Əsgəri terror törədilən eyni gündə ermənilərin Tehranda keçirdiyi mitinqə də toxunub:

"Səfirliyə edilən hücumla eyni günündə Tehranda ermənilər Xankəndi məsələsi ilə bağlı Azərbaycan əleyhinə yürüşlər təşkil etdi. Eyni gündə iki dəfə Azərbaycana qarşı addım atılmasına şərait yaradıldı. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanın İrandakı Səfirliyini tamamilə bağlaması çox məntiqlidir. Səfirlikdə törədilmiş terror aktının arxasında da İran və Ermənistanın işbirliyini ehtimal edirəm. Çünki əsas məsələ Azərbaycana təzyiq etməklə, nədəsə geri çəkindirməkdir. Amma, bütün baş verənlər İranın əleyhinə oldu. Bəlkə də İran heç özü də gözləmədən gülləni öz ayağına sıxdı və tamamilə bu məsələ dünyada İranın əleyhinə çevrilmiş oldu".

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top