İran səfirliyi yerləşən küçəyə Orxan Əsgərovun adı verilsin?

GÜNDƏM 31 yan 2023, 15:50
Bakıda İran səfirliyinin yerləşdiyi küçənin adı sosial şəbəkələrdə müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri  təklif edirlər ki, bu küçənin adı dəyişdirilib elə Tehranda molla rejimi tərəfindən törədilən terror nəticəsində həyatını itirən Orxan Əsgərovun adı verilsin.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, acığa düşüb bu cür addımlar atmaq düzgün yanaşma deyil:

“Hazırda o küçə kimisə adınadır, onun adını necə dəyişmək olar? Bu dərəcədə qıcıq yaratmaq nəyə lazımdır? Mən deyərəm ki, olsun, amma küçənin adının dəyişilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin, Nazirlər Kabinetinin icazəsi lazımdır. Yaxşı, tutalım küçənin adını dəyişib  rəhmətliyin adını verdik, sabah da İran səfirliyi iqamətgahını dəyişdi, acığa düşüb başqa yerdə səfirlik açdı, onda necə olacaq? Onda da gedib səfirliyin yeni binasının yerləşdiyi küçənin adını dəyişəcəyik?

Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabineti şəhid olan Orxan Əsgərovun adını hansısa formada əbədiləşdirəcək. Hansısa küçəyə, yaxud məktəbə onun adını verəcəklər. Bunu edə bilərlər, asan məsələdir. Həm də bu düzgün mövqedir. Yoxsa kiminsə acığına küçə adı dəyişmək lazım deyil. Acıq-acıq oynamırıq. Acığı başqa cür çıxarlar, belə şeylə acıq çıxmaq olmaz”. 

Onun sözlərinə görə, İranla Azərbaycan arasındakı münasibətlər uzun illər gərgin qalmayacaq:

“Təbii ki, axır-əvvəl İranla münasibətlər düzələcək. Hazırda biz ermənilərlə münasibətləri düzəltməyə çalışırıq. İran bizimlə qonşu dövlətdir, orada 40 milyon azərbaycanlı yaşayır, düşmən ola bilmərik ki… 

Düşmənçilik heç kəsə fayda verməz. Bizi düşmən etmək istəyən, ərazilərimizdə Ukrayna yaratmaq istəyən qüvvələr də var. Uşaq deyilik, bunu hamı bilir. Heç kəs heç kəslə ömür boyu düşmən ola bilməz. Vaxtilə düşmən olan almanlarla ruslar indi ağız-ağıza öpüşür. Bu mənada, İran da qonşu dövlətdir, bəzi səhvləri var, amma həmişə belə olmayacaq. Dünya inkişaf edir, hər şey belə qala bilməz. Sovet rejimi 70 il yaşadı, indi də İranda molla rejimi 44 ildir ki, davam edir”. 

Qeyd edək ki, hazırda İran səfirliyinin yerləşdiyi küçə Bünyad Sərdarovun adını daşıyır. Bünyad Sərdarov azərbaycanlı inqilabçı, bolşevik, Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edən, daha sonra da karyera və vəzifə yüksəlişini əldə edən kommunist olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top