"Sədərək" Ticarət Mərkəzində işləyənlər vergiyə cəlb olunacaq? — Reportaj

SOSİAL 24 yan 2023, 23:15
Sahibkarlar indiyə qədər ticarət mərkəzində mağazalara görə buranın rəhbərinə vergi və icarə haqqını birgə ödədiklərini bildiriblər.

 Dünən "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlanmışdı. Sputnik Azərbaycan-ın Qafqazinfo-ya istinadən məlumatına görə, "Sədərək"də sahibkarların etiraz etməsinə səbəb bazarla bağlı yeni vergi siyasətinin tətbiq edilməsidir. Mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər.Sputnik Azərbaycan hazırda paytaxtın ən böyük topdan və pərakəndə satış mərkəzi olan "Sədərək" ticarət mərkəzində vəziyyəti araşdırıb.

Mağazalar açılıb, amma...

Səhər saatlarında ticarət mərkəzində bəzi mağazalar bağlı olsa da, əksəriyyəti açıq idi. Satıcılarla söhbət zamanı öyrəndik ki, ticarət mərkəzində dünən mağazaların bağlı olmasının səbəbi Dövlət Vergi Xidməti əməkdaşlarının gəlməsi olub. Ticarət Mərkəzinin "Şirniyyat" bölməsində çalışan Ayxan Nəcəfov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada yerləşən mağaza sahiblərinin çoxu sahibkar kimi qeydiyyata düşməyib.
Dövlət Vergi Xidmətinin əməkdaşları gələndə cərimələnməmək üçün mağazalarını açmayıblar. Həmsöhbətimiz onu da bildirdi ki, ticarət mərkəzində bütün mağaza sahiblərinin kassa aparatı yoxdur. Dövlət Vergi Xidmətinin bazara gələn nümayəndələri isə mağaza sahiblərinə bildiriblər ki, rəsmi qeydiyyata düşməli, VÖEN almalıdırlar:

"Bizə bildirdilər ki, bütün mağazalarda kassa aparatları olmalıdır. Hər kəs bunun üçün ASAN Xidmətdə VÖEN açdırmalıdır. Buna da bəzi mağaza sahibləri razıdır, çoxu yox. Çünki, burada yerpulu onsuz da bahadır. Biz indiyə qədər vergi ilə birgə yer haqqı 20 manat verirdik. Vergini dövlətə yox, ticarət mərkəzinin rəhbərinə ödəyirdik. İndi isə bizdən həm hər kvadratmetrə 20 manat yer haqqı, həm də vergi tələb edirlər. Belə işləmək isə sahibkarların çoxu üçün sərfəli deyil".



“Sədərək” Ticarət Mərkəzində yanmış obyektlər bərpa edilir - Sputnik Azərbaycan, 1920, 24.01.2023

"Xərclərimiz artacaq"
Ticarət mərkəzində işləyən sahibkarların sözlərinə görə, bundan sonra onlar məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı da ödəməlidirlər. Hər rübb isə hesabat verməli, satdıqları maldan vergi ödəməlidirlər.

Rasim adlı sahibkar bildirir ki, bütün bu xərcləri çıxanda o ailəsinə çörək pulunu güclə apara biləcək. Sahibkarlar deyir ki, vergi sistemi tətbiq edilirsə, ən azından icarə haqqı azaldılmalıdır.

Ticarət Mərkəzində digər satıcılar isə vergiyə görə rəhbərliyi günahlandırırlar. Onların sözlərinə görə, indiyə qədər də ticarət mərkəzi vergi ödəyib. Sadəcə olaraq Dövlət Vergi Xidmətinə burada yerləşən mağazaların sayını az göstərib.
Yoxlama aparıldıqdan sonra məlum olub ki, ticarət mərkəzi rəhbərliyi Dövlət Vergi Xidmətini aldadıb. Əslində mağazaların sayı çoxdur. Mərkəz rəhbəri onlardan əldə etdiyi icarə haqqını dövlətdən gizlədib.

Kassa aparatları qoyulsa da...

Ticarət Mərkəzində olarkən mağazaların əksəriyyətində kassa aparatı qoyulduğunu öyrəndik. Amma alış-veriş zamanı kassa aparatından istifadə edilmirdi. Sahibkarlar bildirdilər ki, kassa aparatını aktivləşdirmək üçün öncə VÖEN almalıdırlar. Yaxın zamanlarda kassa aparatları işləyəcək.
“Sədərək” Ticarət Mərkəzində yanmış obyektlər bərpa edilir - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Onların sözlərinə görə, kassa aparatını işə saldıqdan sonra hər ay cihazın sistemə bağlanması üçün ticarət mərkəzinə 17 manat internet haqqı da ödəyəcəklər. Bundan əlavə onlar DSMF, icbari tibbi sığorta haqqı və vergi ödəməlidirlər.
"Məcburuq ki, 1 manata satdığımız malı bundan sonra 1 manat 50 qəpiyə sataq"
Onlar bu halda xərclərinin artacağını, satdıqları malların qiymətlərini bahalaşdıracaqlarını da gizlətməyiblər.
Tahir adlı sahibkar Sputnik Azərbaycan-a bildirib ki, sahibkar kimi hər ay qeydiyyata düşdükdən sonra hər ay 300 manata qədər xərcləri çıxacaq:

"Biz də məcburuq ki, bundan sonra 1 manata satdığımız malı 1 manat 50 qəpiyə sataq. Yəni, "Sədərək" Ticarət Mərkəzində sahibkarların uçota alınması təkcə bizə təsir etməyəcək. İnsanlar da əvvəl beş manata aldıqları malı bundan sonra 6-7 manata almalı olacaqlar".

Vergi Xidmətindən "Sədərək"də baş verənlərlə bağlı açıqlama

Dövlət Vergi Xidməti (DVX) "Sədərək" ticarət mərkəzində baş verənlərə münasibət bildirib. DVX-dan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, "Sədərək" ticarət mərkəzində hər hansı kütləvi yoxlamalar və ya yeni kassa aparatlarının quraşdırılması həyata keçirilmir:

"Hazırda Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini həyata keçirir. Dislokasiya prosesləri zamanı təsərrüfat subyektlərində fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması, obyektlərin faktiki məlumatlarının dürüstlüyü barədə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilir. Dislokasiya tədbirlərinin aparılması barədə məlumat əvvəlcədən ictimaiyyətə açıqlanıb və bu proses iri ticarət obyektləri daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərini əhatə edir".



“Sədərək” Ticarət Mərkəzində yanmış obyektlər bərpa edilir - Sputnik Azərbaycan, 1920, 24.01.2023

Dövlət Vergi Xidmətindən sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hər hansı narahatlıq olmadığını, "Sədərək", "Binə" və bu kimi digər ticarət mərkəzləri daxil olmaqla, dislokasiya prosesinin qısa müddətdə başa çatdırılacağını bildirilib.
Dövlət Vergi Xidmətinin diqqətinə!
"Sədərək" ticarət mərkəzində çıxanda diqqətimizi daha bir məqam cəlb etdi. Ticarət mərkəzinə giriş üçün hər avtomobildən 50 qəpik məbləğində pul alınsa da, sürücülərə həmişə olduğu kimi heç bir qəbz verilmirdi. Yəqin ki, bizim diqqətimizi cəlb edən bu məqam da burada təsərrüfat subyektlərinin dislokasiyaya uyğun qeydiyyatına start verən Dövlət Vergi Xidmətinin də diqqətindən yayınmayacaq. Çünki, hər gün bu ticarət mərkəzi təkcə avtomobillərin giriş haqqından minlərlə manat vəsait əldə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top