“Dünyada ədalətsizliklə üz-üzə qalan çoxsaylı xalqların güclü Türkiyəyə ehtiyacı var” — Elçin Mirzəbəyli

GÜNDƏM 24 yan 2023, 22:40
"Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi, istisnasız olaraq, qardaş Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Kimin necə düşünməsindən, Ərdoğana olan münasibətindən asılı olmayaraq, Türkiyənin indiki prezidentinin siyasi hakimiyyətə gəldiyi ilk gündən qardaş ölkəni olduqca mürəkkəb proseslərin içərisindən keçirərək, regionun və dünyanın ən güclü ölkələrindən birinə, əvvəlki dövrlərdən dəfələrlə çox müstəil siyasət yürüdən dövlətə çevirdiyini görə bilərik. Hazırda Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini dəyərləndirən insanlar dünyada davam etməkdə olan iqtisadi problemlərin Türkiyə iqtisadiyyatına ciddi şəkildə təsir göstərməsini, inflyasiyanı və sosial problemləri önə çəkirlər. Amma Ərdoğandan öncə Türkiyə iqtisadiyyatının xarici faktorlardan asılı olduğunu, inflyasiyanın indiki ilə müqayisəedilməzliyini, qlobal və regional siyasi proseslərin Türkiyənin daxili siyasətini istiqamətlərini müəyyənləşdirdiyini, Türkiyənin xarici təzyiqlərə müqavimət göstərmək gücündə olmadığını nəzərə almırlar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.  Analitik Türkiyənin indiki halda hərbi və siyasi üstünlüyünü belə izah edib: 

"Vaxtilə Azərbaycana iki mülki helikopter, Fransa icazə vermədiyinə görə özüyeriyən artilleriya qurğuları belə verə bilməyən, müdafiə sistemi tamamilə xarici faktorlardan asılı olan Türkiyə indi müharibələrin taleyini həll edən, müdafiə sənayesinin istiqamətini dəyişən pilotsuz uçuş aparatları, 5-ci nəsil pilotsuz döyüş təyyarələri, tanklar, uzaqmənzilli raketlər, müdafiə sistemləri istehsal edir və dünya silah bazarında mövqelərini gündən-günə möhkəmləndirir. Türkiyənin müdafiə sənayesi layihələrinin büdcəsi 5,5 milyard dollardan 75 milyard dollara çatıb və Türkiyə dünyada pilotsuz uçuş aparatları istehsal və ixrac edən bir neçə ölkənin sırasında ön yerlərdə dayanır". 

"İndi Ərdoğandan öncəki Türkiyənin Azərbaycana verdiyi sözdə dəstəklə indiki dəstəyi, qardaş ölkənin 44 günlük Vətən müharibəsində sərgilədiyi mövqeyi, iki qardaş dövlətin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsini və hər kəsin bildiyi üçün sadalamadığım saysız-hesabsız digər məqamları müqayisə edək? Müqayisəyə gəlməz... Ərdoğan gücün ədalətə üstün gəldiyi dünyada Türkiyəni ona qarşı edilən haqsızlıqlardan gileylənən, daxili siyasətinin bütün istiqamətləri Avropa İttifaqının, NATO-nun, ABŞ-ın verdiyi qərarların, geosiyasi manipulyasiyaların, geoiqtisadi təsir mexanizmlərinin doğurduğu süni və təbii çağırışlardan asılı olan bir ölkədən müstəqil gücə çevirməyi bacardı. Bu sıraya Türkiyənin və Azərbaycanın enerji və nəqliyyat dəhlizlərinin habına çevrilməsi istiqamətində görülən işləri, Türkiyədə həyata keçirilən nəhəng infrastruktur layihələrini, Türk Dövlətləri Təşkilatının beynəlxalq və daha sıx inteqrasiya platforması halına gətirilməsi istiqamətində gerçəkləşən birgə fəaliyyəti da əlavə etsək , Ərdoğanın Türkiyə və türk dünyasında nə qədər önəmli bir şəxsiyyət olduğunu müəyyənləşdirə bilərik", - deyə, analitik əlavə edib. 

"Seçim şübhəsiz ki, yenə də qardaş türk xalqınındır və şübhə etmirəm ki, Yaxın Şərqi cəhənnəmə, xalqları, dövlətləri öz geosiyasi maraqlarının girovuna çevirən, yalnız təzyiq vasitəsi kimi faydalandıqları “demokratiya”, “insan hüquq və azdlıqları” pərdəsi altında radikal ksenofob, islamafob siyasət yürüdənlərin gerçək simasını onlar da görməyi bacarırlar. Təkcə Azərbaycanın və Türkiyənin deyil, dünyada ədalətsizliklə üz-üzə qalan çoxsaylı xalqların güclü Türkiyəyə böyük ehtiyacı var.  Bu baxımdan, Ərdoğanın başlatdığı tarixi missiyanı davam etdirəcəyinə inanıram".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top