"20 Yanvar hadisələri atamın səhhətinə pis təsir etdi" — Elçin Şıxlı 33 il əvvələ qayıtdı

MÜSAHİBƏ 20 yan 2023, 14:12
"Ayna və "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı, Demokrat.az-a görkəmli ziyalı və yazıçı, atası İsmayıl Şıxlının 20 Yanvar faciəsində yaşadıqlarından danışıb. Həmin müsahibəni təqdim edirik. 

- Elçin müəllim, bu gün 20 Yanvar faciəsinin 33-cü ildönümüdür.  Atanız İsmayıl Şıxlı çıxışlarında 20 Yanvar faciəsini qətli şəkildə pisləyir və bu hadisənin təşkilatçılarını sərt şəkildə tənqid edirdi. Bu barədə xatirələrinizi bölüşərdiniz.

-  O zamanki Ali Sovetin deputatları, önəmli şəxslər, bir sözlə hamı Azərbaycana ordu yeridilməsinin əleyhinə idi. Hamı müstəqillik arzusunda idi. Həmin vaxtlar Ali Sovetin 20 yanvar günü sessiyası toplanmışdı. Həmin sessiyanı atam Bəxtiyar Vahabzadə ilə birlikdə aparmışdı. Həmin toplantının tam lentləri olmasa da, orada həm Bəxtiyar Vahabzadə, həm də İsmayıl Şıxlı iştirak edirdi. Burada Sovet ordusunun Azərbaycan və onun paytaxtından dərhal çıxarılması qəbul edilmişdi. Bundan başqa, televiziyanın enerji blokunun partladılması baş verdi. Məqsəd də, bəlli idi. Dünya onların törətdikləri qanlı cinayəti görməsin. İsmayıl Şıxlı  bunu 1990-cı il yanvarın 24-də Azərbaycan KP MK-nın plenumundakı çıxışı zamanı da qeyd etmişdi. Bundan başqa, çıxışı zamanı marşal mövzusunu qeyd etmişdi.  O təklif etmişdi ki, "Bakını ələ keçirib dinc əhalini qırmaqda “böyük sərkərdəlik” məharəti göstərdiyinə görə general Yazova marşal rütbəsi verilsin və “Qələbə” ordeni ilə təltif olunsun. Qoy bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr vermiş rus xalqı “öz oğlu” Yazovla da “fəxr etsin”. O zamanlar televiziya yox idi, həmin çıxışını da mətn şəklində yazdılar. Atam elə orada öz partiya biletini atmışdı. Həmin vaxtlar İsmayıl Şıxlının çıxışı çap olunmuş və insanların əlində əlbəəl gəzirdi.

- Həmin çxışdan sonra İsmayıl Şıxlıya təzyiqlər oldumu? Nələr yaşandı?

-   Bizim evimiz Hökumət Evinin arxasında idi. Bütün baş verən hadisələr gözümüzün önüdə idi və həmin baş verənlərin yaxından şahidi olmuşduq.... Ona hər hansı bir təzyiq olmadı və edə də bilməzdilər. Sadəcə olaraq, həmin dönəmlərlə bağlı bir məqam yadımdadır. Həmin hadisənin səhərisi Yazıçılar İttifaqı yığışmışdı. Atam evdən çıxanda anam təşvişdə idi və ondan xahiş etdi ki, evdən çıxmasın. Qorxurdu ki, ona nəsə edə bilərlər. O zaman qarşılığında atam sadəcə belə bir cavab verdi: "Mən getməliyəm! Əgər mənə nəsə olsaydı , 1941-45-ci illərin müharibəsində olardı". 

- Bu hadisələr atanızın səhhətinə necə təsir etdi?

- Təbii ki, bu hadisələr atamın səhhətinə pis təsir etmişdi. Həmin məqamlarda elə bir şey yox idi. Amma, bu təsirin nəticəsi sonralar özünü büruzə verdi. Hətta, yadımdadır ki, o vaxtkı Mərkəzi Komitənin qarşısında etiraz aksiyaları keçirilirdi. Orada atam birdən dedi ki, özümü pis hiss edirəm. Onun həm təzyiqi var idi, həm də şəkər xəstəsi idi.  Atamın şəkərinin birdən-birə qalxması və enməsi var idi. Çox insan da şəkər qalxır, amma onun şəkəri çox aşağı düşmüşdü. Təsəvvür edin ki, koma vəziyyəti yaranmışdı. Yəni, əlamətləri sonradan özünü göstərdi.

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top