“İki müharibə görmüş bir qadın kimi mənə verilən erməni rolundan imtina etdim...”

İNCƏSƏNƏT 19 yan 2023, 10:29
“Tamaşaçının zövqünü korlamağa ixtiyarımız yoxdur”
 
““Yuxu kimi” serialında artıq Fəxri obrazı ilə Məryəm obrazı arasındakı münasibətlərdə gərginlik yaşanır. Rejissor Rövşən İsax hadisələri bu iki qəhrəmana yönəldib. Hamıya maraqlı idi ki, mənim oynadığım Sərvinaz obrazı ilə Çinar obrazı barışacaq ya yox?! Bir çox tamaşaçı yazır ki, Sərvinaz xanım niyə Çinarı bağışlayıb? Bu tamaşaçılarda müəmmalı qalıb. “Yuxu kimi” serialı reytinqlərdə birincidir. Bəzən tamaşaçılar rəy yazır ki, serialı niyə uzadırsınız? Amma inanın ki, serialdan nəsə paylaşanda birinci altından həmin insanlar yazır. Maraq azalıbsa niyə baxırsan? (gülür). Maraq azalmayıb, əksinə daha da çoxalıb. Bu il yəqin ki, serial bitəcək”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası Pərvanə Qurbanova deyib.

“41 ildir ki, Gəncə Dövlət Dram Teatrında çalışıram. Bu illər ərzində iki roldan imtina etmişəm. Biri erməni qadın rolu idi. Halbuki 1988-ci ildə ermənilərlə hələ münasibətlərimiz bu dərəcədə gərginləşməmişdi. Səhnəyə ilk addım atdığım gündən bu günə qədər əsas rollarda çıxış etmişəm. Demək olar ki, arzuladığım obrazları oynamışam. Amma filmdə çəkilmək istəyərəm. İki müharibə görmüşəm, ümumiləşmiş bir ana, Azərbaycan qadını obrazı oynamaq istəyirəm. Elə bir obraz istəyirəm ki, o mənim içimdə yığılıb qalan, iki müharibə görmüş ananın, bacının içindəki vulkanı püskürdə bilsin. Bu mənim çox böyük arzumdur” deyə aktrisa bildirib.
 
Xalq artisti bildirib ki, heç bir plastik əməliyyat etdirməyib.

“Bəzən deyirlər ki, çox gözəl xanımsınız. Məncə gözlər gözəl görür. Gözlər gərək gözəl olsun ki, hər şeydə gözəllik görsün. Qeyri-adi gözəlliyə, formaya sahib deyiləm. Sağlam olum, bu mənə bəs edir. Qadın hər yaşda istəyir ki, öz yaşının baxımlısı olsun. Təbii ki, bu yaşda estetik əməliyyat etdirə bilmərəm. Onlar mənə yad şeylərdir. Mən baxımlı olmalıyam, çünki səhnə insanıyam. Tamaşaçının zövqünü korlamaq olmaz, bizim buna ixtiyarımız yoxdur. Sağlamlığıma daha çox fikir verirəm. Tövsiyyə edirəm ki, sizlər də öz sağlamlığınızı qoruyun. Bir az dizlərimdə ağrılar var. Sağ olsun əzizim, doğmam Zaur Baxşəliyev bu gün efir vasitəsilə kök hüceyrə həkimindən mənim üçün xahiş edib” deyə sənətkar bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top