Azərbaycan ilə BƏƏ arasında münasibətlər strateji əhəmiyyətə malikdir

XARİCİ SİYASƏT 17 yan 2023, 12:35
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti ölkəmizin dünya birliyindəki əlaqələrini daha da genişləndirir, mövqeyini getdikcə möhkəmləndirir. Vətən müharibəsindəki tarixi Qələbimizdən sonra respublikamzın nüfuzu daha da artıb. Dövət başçımızın postmüharibə dövründə xarici ölkələrə səfərləri, səfər çərçivəsində imzaladığı sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışları  böyük maraqla izlənilir. Cənab Prezidentin bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və Əbu-Dabi Dayanıqlıq Həftəsinin açılış mərasimində iştirakı ölkəmizə olan ehtiramın daha bir nümunəsidir.

2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.

 Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir.

Qeyd etdiyimiz kimi,Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü  zamanı da bu məsələ diqqətə çatdırıldı. Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.

Dövlət başçımız açılış mərasimindəki çıxışında  ölkəmizin enerji potensialının yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq dedi ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Qeyd edildi ki, bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik.

Tədbir iştirakçılarına da bəlli oldu ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. Təbii qaz ixracımız artır – 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

Dövlət aşçımız, həmçinin  yeni imkanlar barəsində də məlumat verdi. Qeyd etdi ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.  2022-ci il dekabrın 17- də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.

Göründüyü kimi,  Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Azərbaycan bu istiqamətdə də reallaşdırdığı  layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan  Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top