“Bu il mart-aprel aylarında Qarabağda 2-3 günə...” — AÇIQLAMA

GÜNDƏM 05 yan 2023, 00:25
2022-ci ilin dekabrında bədnam SSRİ adlı imperiyanın yaradılmasının 100 ili tamam oldu... Və nə yaxşı ki, Ukrayna xalqı və dövlətinin də Rusiya təcavüzünə var gücü ilə sinə gərməsi nəticəsində Vladimir Putin başda olmaqla Kremldə toplanmış imperiyapərəstlərin həmin imperiyanı yeni bir ad altında bərpa etmək planı baş tutmadı... 2023-cü ildə isə məhz Sovet imperiyasının bundan öncə çar Rusiyasının ərazimizə köçürtdüyü  hayların hesabına qondardığı “Dağlıq Qarabağ Muxtar Vilayəti”(DQMV) adlı üzdəniraq qurumun – əslində Azərbaycanın içərisində gecpartlayan “mina”nın yaradılmasının 100 illiyi olacaq.  Bəs görəsən, 35 il öncə partlamış və xalqımızın başına minbir faciə və fəlakət gətirmiş həmin “mina”nın 2020-ci ilin 44 günlük savaşında sonra da qalmış tör-töküntülərini,  eləcə də qondarma “status” məsələsini birdəfəlik tarixin zibilliyində dəfn edə biləcəyikmi? Düzdür, bu hərbi qələbəmizdən sonra ölkə başçısı İlham Əliyev dəfələrlə “Qarabağdakı ermənilərin “statusu”nun gorbagor olduğunu”  bildirib. Amma separatçı, işğalçı xislətli hayklar və  beynəlxalq səviyyədə Rusiya, Fransa başda olmaqla bəzi qüvvələr hələ də “status” məsələsinin gündəmdən düşməməsinə çalışırlar...

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Sülhəddin Əkbər bunları söyləyib: 


“Nə yaxşı ki, dünyanın geopolitik inkişafı həlledici mərhələyə qədəm qoyub. Və metropoliya kimi Rusiyanın Ukraynada strateji bataqlığa saplanması bizə imkan verir ki, Qarabağdakı məsələləri köklü şəkildə, tam və qəti həll edək. Ancaq bundan ötrü Azərbaycan öz geopolitik seçimini düzgün etməli, geo-siyasi oyunçularla öz yerli, lokal oyunlarını düzgün uyğunlaşdırmalıdır”. 

“Əgər biz bu gepopolitik vəzifənin öhdəsindən gələ biləriksə, yəni düzgün seçim edib qalib gələcək tərəfdə ola biləriksə, 2023-cü ildə bizim üçün bir fürsət pəncərəsi açılacaq. Hesab edirəm ki, mart-aprel aylarından başlayaraq bizim üçün uğurlu bir dövr başlanacaq. Və həmin vaxt biz çox qısa bir zamanda Qarabağdakı qalan problemləri çözməliyik. Yəni bu, hərbi-siyasi bir əməliyyat olmalıdır. Necə ki, 2020-ci ilin payızında uğurlu bir zaman seçib BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini özümüz hərbi güc hesabına əsasən icra etdik və nəticədə de-fakto durum yaratdıq. Ona bənzər şəkildə biz bu dəfə də düzgün geopolitik seçim edərək uğurlu bir zamanda, təxminən aprel ayında, hər zaman dediyim kimi, 48-72 saat ərzində məsələni hərbi cəhətdən həll edib, de-fakto durum yaratmaqla Qarabağ və Şərqi Zəngəzurun nəzarətimizdə olmayan hissəsində tam nəzarəti bərpa edib, ondan sonra da bunun siyasi-diplomatik nəticələrini təsbit etməliyik. Bizim qarşımızda belə bir kritik vəzifə durur. Və biz onun yerinə yetirilməsinə hərtərəfli hazır olmalıyıq”- deyə Sülhəddin Əkbər vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top