Nazir müavini partlayış yerindədir YENİLƏNİB (FOTOLAR/VİDEO)

HADİSƏ 02 yan 2023, 17:24
Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.

Nazirlikdən Demokrat.az-a  bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib. 

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***
Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.


Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı iki nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərə isə sağ ayağın və başın sıyrılması səbəbilə yerində yardım göstərilib.

Həmçinin, hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.


Bu barədə Demokrat.az-a nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Report"a qeyd edilib ki, hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.

16:16

Bakı şəhəri, Binəqədi rayonu Cavadxan və Mirmahmud Kazımovski küçələrinin kəsişməsində yerləşən yaşayış binasında dəhşətli partlayış olub.


"Qafqazinfo" xəbər verir ki, partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxs pəncərədən yerə düşərək ölüb.

Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top